Koronavirus pandemiyası dünyada minlərlə tibb bacısının həyatına son qoyub.
“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Tibbi Bacılarının Beynəlxalq Şurasının (International Council of Nurses) xəbərində deyilir.
Qeyd edilir ki, yeni növ koronavirus pandemiyasının başlanğıcından dünyada 2 200-dən çox tibb bacısı COVID-19-dan ölüb.
Təşkilat bildirib ki, pandemiya ilə mübarizədə öndə olan tibb personalı arasında COVID-19-a yoluxma hallarının yüksək səviyyəsi müşahidə olunur. Peşəkar fəaliyyətdə stress getdikcə artan yüklənmə, arasıkəsilməz təzyiq və vaksinə qarşı etirazlar fonunda güclənir.
Beynəlxalq təşkilatda vurğulayıblar ki, əgər dünya ölkələrinin hökumətləri pandemiya ilə bağlı yaranmış vəziyyətdən çıxış yolu tapmasa, bu, tibb işcisi peşəsinə uzun müddətli ziyan vura bilər.
Tibbi Bacılarının Beynəlxalq Şurası dünyanın 130 ölkəsindən təxminən 27 milyon nəfər tibb bacısından və digər tibb işçilərindən ibarətdir.