"İnsanların uzunömürlülüyünə onların sosial rifahı və səhiyyə sistemi təsir edir".
"Report" xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədr müavini Nigar Bayramova "Viva la vida" uzunömürlülük üzrə ilk beynəlxalq konqres və sərginin açılış mərasimində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, vətəndaşların sağlam ömür uzunluğunun artırılması ilə bağlı dövlət başçısının rəhbərliyi altında ölkədə başlanılan səhiyyə islahatları bu gün də uğurla davam edir: "Azərbaycanda icbari tibbi sığortanın tətbiqi bu islahatların tərkib hissəsidir. Səhiyyəmizin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində çox böyük işlər görülüb. Məqsəd əhaliyə göstərilən tibbi xidmətlərin əlçatanlığını və keyfiyyətini artırmaq və uzunmüddətli perspektivə universal tibbi təminata nail olmaqdır".
Sədr müavini bildirib ki, insanların keyfiyyətli səhiyyə xidmətləri ilə əhatə olunması sağlam ömür uzunluğunun artmasını şərtləndirən amillərdəndir: "Hamı üçün əlçatan, keyfiyyətli və müasir səhiyyə xidmətləri sisteminin yaradılması dövlət başçısının təsdiqlədiyi “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda da öz əksini tapıb. Sənədə əsasən, vətəndaşların uzunömürlülüyü və sağlam həyat tərzinin təmin edilməsi, doğulanda gözlənilən ömür uzunluğunun 2026-cı ilədək 75,2 ilə çatması və ümumi daxili məhsulda səhiyyə xidmətlərinin payının 2%-dən 4,3%-ə çatdırılması hədəflənib. Keyfiyyətli səhiyyə və sağlam həyat tərzi hesabına əhalinin orta ömür müddətinin artırılması dövlət başçısının imzaladığı “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq edilməsi haqqında sərəncamda xüsusi olaraq vurğulanıb. Bu qərarlar vətəndaşlarımızın sağlamlığının qorunması və keyfiyyətli tibbi xidmətlərlə təmin olunması üçün böyük əhəmiyyət daşıyır".