Direktor: "Bu il Azərbaycanda 10 talassemiyalı xəstəyə sümük iliyi köçürüləcək"

Direktor: "Bu il Azərbaycanda 10 talassemiyalı xəstəyə sümük iliyi köçürüləcək" ​Valeh Hüseynov: "Talassemiya daşıyıcılarının ailə qurması nəticəsində talassemiya xəstələrinin sayı artıb"
Sağlamlıq
31 Yanvar , 2018 10:56
Direktor: Bu il Azərbaycanda 10 talassemiyalı xəstəyə sümük iliyi köçürüləcək
Talassemiya Mərkəzinin direktoru Valeh Hüseynov / Report/ Firi Salim

Bakı. 31 yanvar. REPORT.AZ/ "Hazırda Azərbaycanda 1 milyondan çox talassemiya daşıyıcısı var. Məhz daşıyıcıların ailə qurması ilə bağlı talassemiya xəstələrinin sayında son illərə qədər artım müşahidə olunub".

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Respublika Talassemiya Mərkəzinin direktoru Valeh Hüseynov deyib.

Onun sözlərinə görə, hazırda ölkədə 3000-dən çox irsi qan xəstəsi, o cümlədən talassemiya xəstələri qeydiyyatdadır: "Nikaha daxil olmaq istəyən şəxslərin müayinəsi nəticəsində daşıyıcı körpələrin doğulması halları azalıb".

V.Hüseynov qeyd edib ki, bu sahədə əldə olunan nailiyyətlər nəticəsində talassemiyalı xəstələrin ömrü uzanır: "Hazırda xəstələrin böyük əksəriyyəti 20 yaşdan yuxarı hesab olunur. Yeni doğulanlar da daxil olmaqla hazırda mərkəzdə 18 yaşa qədər qeydiyyatda olan təxminən 1000-ə yaxın xəstə var".

Mərkəzin direktoru əlavə edib ki, bu xəstəlik ölkənin bütün bölgələrində yayılıb: "Daşıyıcıların respublika üzrə artdığını nəzərə alaraq, konkret olaraq hansısa bölgəmizin adını çəkmək düzgün olmazdı. Hər bölgədə və qohum olmayan cütlüklər ailə qururlar. Daşıyıcıların da xəstə körpələri doğula bilər".

"2013-cü ildən bu günə qədər mərkəzdə 55 xəstə üzərində sümük iliyinin transplantasiyası əməliyyatı icra olunub. Onların əksəriyyəti irsi qan və talassemiyalı xəstələr olub. Xəstələrin təxminən 43-45 nəfəri məhz talassemiya xəstələri idi. Bu ilin sonuna 10 talassemiya xəstəsinin əməliyyat olunması və onlara sümik iliyi köçürülməsi planlaşdırılır"- V.Hüseynov vurğulayıb.

Son xəbərlər

Orphus sistemi