“Hazırda bütün ölkələr koronavirus pandemiyası ilə mübarizə aparır. Azərbaycan bu mübarizədə dünyada ön sırada gedən dövlətlərdən biridir”.
Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Tahir Kərimli deyib.
Onun sözlərinə görə, Azərbaycan vaksinasiya prosesinə başlayan ilk ölkələrdən biridir: “Bildiyiniz kimi, ölkəmizdə bu proses cari ilin yanvar ayından həyata keçirilir və davam etməkdədir. Artıq insanlara dörd milyondan artıq peyvənd vurulub. Hesab edirəm ki, koronavirus pandemiyası ilə mübarizədə peyvənd olunma xüsusi bir yer tutur. Azərbaycanda heç bir halda rəsmi olaraq COVID-19 peyvəndindən ölüm və kəskin ağırlaşma halı qeydə alınmayıb. Hesab edirəm ki, bu xəstəliklə mübarizədə vaksinasiya prosesi sürətləndirilməlidir. Çünki əhalinin 55-70 faizi tam peyvənd olunandan sonra xəstəliyin qarşısının alınması qənaətinə gəlmək olacaq. Mən hər bir vətəndaşımızı vaksinasiya prosesinə qoşulmağa çağırıram”.
Deputat bildirib ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, mülkiyyət formasından asılı olmayaraq sentyabrın 1-dən etibarən bütün tibb və əczaçılıq müəssisələrinin işçilərinin ən azı 80 faizinin COVID-19-a qarşı birinci doza, oktyabrın 1-dən etibarən isə ikinci doza peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatının olması tələb olunacaq: “Hər kəs bu qərara riayət etməlidir. Bu qərarın hamımız üçün faydası var və sağlamlığımız üçündür. Ancaq təəssüf edirəm ki, cəmiyyətimizdə bəzi şəxslər tərəfindən həqiqətə uyğun olmayan məlumatlar yayılır. Bəziləri şayiə yayırlar ki, guya vaksinlər vasitəsilə insanların bədənlərinə çip yerləşdirilir. Buradan bir sual ortaya çıxır: nə üçün həmin vaksinlərdən varlı ölkələr istifadə edir? Əgər bu vaksin ziyanlı olsaydı, onlar peyvənd olunmazdılar axı. Mən bir daha vətəndaşlarımızı bu kimi fərziyələrə inanmamağa və vaksinasiya prosesinə fəal şəkildə qoşulmağa çağırıram. İnanıram ki, biz necə 44 günlük Vətən müharibəsi zamanı dəmir yumruq ətrafında sıx birləşərək qalib gəldiksə, indi də birlikdə bu bəlanın öhdəsindən gələcəyik”.