Deputat: Səhiyyə kimi sahələr üçün “Satınalmalar haqqında” qanunda çeviklik imkanları hələ də kifayət qədər deyil

Deputat: Səhiyyə kimi sahələr üçün “Satınalmalar haqqında” qanunda çeviklik imkanları hələ də kifayət qədər deyil Satınalmalar haqqında qanun və onun icra mexanizmləri bu gün Azərbaycanda ümumi nəzarət və şəffaflığın təmin olunmasına mühüm zəmin yaradır.
Sağlamlıq
22 aprel 2025 12:38
Deputat: Səhiyyə kimi sahələr üçün “Satınalmalar haqqında” qanunda çeviklik imkanları hələ də kifayət qədər deyil
Rəşad Mahmudov

Satınalmalar haqqında qanun və onun icra mexanizmləri bu gün Azərbaycanda ümumi nəzarət və şəffaflığın təmin olunmasına mühüm zəmin yaradır.

“Report” xəbər verir ki, bunu Milli Məclisin deputatı Rəşad Mahmudov parlamentin bugünkü plenar iclasında Hesablama Palatasının 2024-cü ildəki fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı deyib.

O qeyd edib ki, ancaq səhiyyə kimi dinamik və təcili qərarlar tələb edən sahələrdə bu hüquqi çərçivənin çeviklik imkanları hələ də kifayət qədər deyil:

“Məsələn, ürəkdə istifadə olunan stentlər və bioloji qapaqlar, yaxud ortopediyada istifadə olunan süni oynaqlar fərqli ölçülərdə və fərqli anatomik uyğunluqlarda olur. Sifarişçi qurum ilin əvvəlində satınalma planı hazırlayarkən hansı ölçüdən nə qədər istifadə olunacağını əvvəlcədən dəqiq bilmir”.

Onun sözlərinə görə, belə olan halda ya bütün ölçülərdən az miqdarda almağa məcbur qalır – bu da anbar itkisi və istifadə olunmadan yararsız hala düşən məhsul riski yaradır – ya da ehtiyac yaranan anda uyğun materialın olmaması səbəbilə pasiyent zəruri müdaxilədən məhrum qalır.

“Hazırkı normativ mexanizmlər isə bu ehtiyaca cavab verməkdə çətinlik çəkir və tibbi müəssisələri bürokratik yük altında saxlayır. Burada əsas məqsəd nəzarəti zəiflətmək deyil, qanunvericiliyin elə formalaşdırılmasıdır ki, şəffaflıq qorunsun, amma səhiyyə sektorunun təxirəsalınmaz qərarlar vermə hüququ da təmin olunsun”, - o deyib.

Son xəbərlər

Orphus sistemi