Deputat: "Peyvənd olunmalı və gigiyenik qaydalara əməl etməliyik"

Deputat: "Peyvənd olunmalı və gigiyenik qaydalara əməl etməliyik" Son statistik məlumatlara görə, Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 674 yeni yoluxma faktı qeydə alınıb, 576 nəfər müalicə olunaraq sağalıb.
Sağlamlıq
12 Avqust , 2021 18:58
Deputat: Peyvənd olunmalı və gigiyenik qaydalara əməl etməliyik

Son statistik məlumatlara görə, Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 674 yeni yoluxma faktı qeydə alınıb, 576 nəfər müalicə olunaraq sağalıb. Analiz nümunələri müsbət çıxan 14 nəfər vəfat edib. Bu, hər bir Azərbaycan vətəndaşını daha da ehtiyatlı olmağa, özünün və ətrafdakıların həyatına qarşı daha məsuliyyətli davranmağa səsləyir. Əks təqdirdə isə vətəndaş arzuolunmaz proseslə baş-başa qala bilər.

Bunu "Report"a Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Onun sözlərinə görə, həm son günlər infeksiyaya yoluxanların artan dinamikası, həm də qonşu ölkələrdən gələn xəbərlər həyəcan təbili olmalıdır: “Yayılan məlumatlara əsasən, son vaxtlar qonşu ölkələrdə, o cümlədən Rusiya, İran, Gürcüstanda COVID-19-a yoluxma hallarında kəskin sıçrayış müşahidə edilir. Elə qardaş Türkiyədə də vəziyyət ürəkaçan deyil. Belə ki, orada gündəlik yoluxma son 3 ayda maksimum həddə çatıb. İyul ayı ilə müqayisədə yoluxanların sayı 6 dəfə artıb. Əgər Türkiyədə iyulda yoluxanların sayı 5-7 min idisə, indi 22-25 min nəfərdir. Əlavə olaraq deyim ki, son günlər Azərbaycanda infeksiyaya yoluxanların sayının artması özünü reanimasiyada pasiyentlərin sayının artmasında da göstərir”.

Vüqar İskəndərov
Vüqar İskəndərov

Deputat bildirib ki, əgər vəziyyət bu cür davam edərsə, sentyabrda Azərbaycanda da yoluxma kəskin hal ala bilər: “Təbii ki, vəziyyətin bu formada inkişafı Operativ Qərargahın yenidən qapanmalara getmək barədə qərar qəbul etməsinə səbəb ola bilər. Halbuki bu nə dövlətə, nə də insanlara müsbət heç nə vəd etmir. Çünki dövlət insanların sağlamlığının qorunmasını başlıca prioritet kimi müəyyən edib. Qapanmalar insanların əmək fəaliyyətinə mənfi təsir göstərə bilər. Bunların baş verməməsi üçün isə həm peyvənd olunmalı, həm də gigiyenik qaydalara əməl etməliyik”.

Qeyd edək ki, hazırda ölkədə 17 602 aktiv koronavirus xəstəsi var. Bu günə qədər Azərbaycanda 359 732 nəfər COVID-19-a yoluxub, 337 021 nəfər isə sağalıb. Ümumilikdə xəstəlikdən ölüm sayı 5 109 təşkil edir. Həmçinin bu günə qədər vətəndaşlara 5 607 591 doza vaksin vurulub.

Xatırladaq ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarına əsasən, sentyabrın 1-dən etibarən dövlət orqanlarının (qurumlarının) əməkdaşlarının, eləcə də bir çox işçilərin azı 80 faizinin COVID-19-a qarşı birinci dozanın, oktyabrın 1-dən isə ikinci doza peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatının olması tələb ediləcək. Eləcə də yaşı 18-dən yuxarı olan bütün tələbələrdən COVID-19 pasportunun olması tələb ediləcək. Bundan başqa, yaşı 18-dən yuxarı olan şəxslərin qapalı məkanda göstərilən xidmətlərdən yalnız COVID-19 pasportu olduğu halda istifadə edə biləcəklər.

Son xəbərlər

Orphus sistemi