"COVAX vaksinlərlə bağlı götürdüyü öhdəliyi yerinə yetirə bilmir" - RƏY

"COVAX vaksinlərlə bağlı götürdüyü öhdəliyi yerinə yetirə bilmir" - RƏY Bəzi ölkələr onlara lazım olandan 3-4 dəfə çox vaksin alırlar
Sağlamlıq
101
3 Mart , 2021 15:56
COVAX vaksinlərlə bağlı götürdüyü öhdəliyi yerinə yetirə bilmir - RƏY

“Hazırda bütün dünya ölkələri koronavirus pandemiyası ilə mübarizə aparır. Azərbaycan bu mübarizədə dünyada ön sırada gedən dövlətlərdən biridir”.

Bu sözləri "Report"a açıqlamasında Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

Deputat bildirib ki, artıq ötən ilin sonlarından bir sıra ölkələr pandemiyaya qarşı vaksinasiyaya başlayıb:

"Azərbaycanda bu proses cari ilin yanvar ayından həyata keçirilir. Bu istiqamətdə müsbət nəticələr müşahidə olunur. Bununla belə, beynəlxalq miqyasda vaksinasiya məsələsi ilə bağlı müəyyən problemlər mövcuddur. Bu da COVAX (Vaccines Global Access Facility) təşəbbüsü üzv ölkələrin vaxtında vaksinlərlə təmin olunmasına, vaksinlərin ölkələr arasında ədalətlilik və əlçatanlıq prinsiplərinə əsasən bölüşdürülməsinə görə götürdüyü öhdəliyi yerinə yetirə bilməməsi ilə bağlıdır. İstehsalçı şirkətlər kommersiya maraqlarını üstün tutaraq, varlı ölkələrə lazım olandan artıq vaksinlər göndərirlər. Nəticədə, COVAX layihəsi çərçivəsində digər ölkələrə paylanmalı olan vaksin dozalarının sayı xeyli azalır və gecikmələr yaşanır. Azərbaycan Prezidenti İlham Əliyevin fevralın 26-da yerli və beynəlxalq mətbuat nümyəndələrinin iştirakı ilə keçirilən və dörd saatdan çox davam edən mətbuat konfransında da vaksinlərin ölkələr arasında ədalətlilik və əlçatanlıq prinsiplərinə əsasən bölüşdürülməməsi məsələsinə bir daha toxunulub".

Fatma Yıldırım
Fatma Yıldırım

O qeyd edib ki, Azərbaycanın bu məsələyə çox həssas yanaşdığı aşkardır:

“Ölkəmiz hər zaman pandemiya qarşı mübarizənin beynəlxalq səviyyədə həyata keçirilən əməkdaşlıq çərçivəsində aparılmasının tərəfdarı olub. Çünki dünya ölkələrinin bu məsələdə birgə səyləri ciddi effekt verə bilər. Azərbaycan bu mövqeyinə sadiqdir. Cənab Prezidentin təşəbbüsü ilə hələ ötən ilin aprel ayında Türk Şurasının, may ayında isə Qoşulmama Hərəkatının Zirvə toplantıları keçirilmişdi. Bu beynəlxalq tədbirlər məhz COVID-19 pandemiyası ilə birgə mübarizəyə həsr olunmuşdu. Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının sədri kimi daha bir təşəbbüsü ilə BMT Baş Assambleyasının ötən ilin dekabrında COVID-19-a həsr edilən xüsusi sessiyası baş tutdu. Bu sessiyada dövlətimizin başçısı Qoşulmama Hərəkatının sədri kimi çıxışında vaksinlərin dünya ölkələri arasında ədalətli bölgüsünün aparılmasının zəruriliyini, bu məsələdə proteksionizmə, millətçiliyə yol verilməməsinin önəmini diqqətə çatdırıb. Lakin təəssüf ki, tamamilə başqa bir mənzərənin şahidi oluruq. Bəzi ölkələr onlara lazım olandan 3-4 dəfə çox vaksin alırlar. Bu cür yanaşma isə digər dövlətlərin vaksinasiyadan kənar qalmalarına gətirib çıxarır. Bu da ədalətli yanaşma deyil”.

F.Yıldırım hesab edir ki, belə bir bəşəri problemlə üz-üzə qaldığımız zaman dünya ölkələri bir-birinə yardım etməlidir:

“Çünk dünyanın bir çox kasıb ölkələri var ki, onların yetərincə vaksin almağa imkanları yoxdur. Bu da milyonlarla insanın həyatının təhlükədə olması deməkdir. Ona görə də, bu məsələdə ədalət prinsipləri tətbiq olunmalıdır. Varlı dövlətlər kasıb ölkələrə, yoxsul insanlara öz dəstəyini göstərməlidir, onların vaksinlə təmin olunmasına yardım etməlidirlər. Əgər bu məsələdə ədalət prinsipi gözlənilərsə, koronavirus bəlasına daha tez son qoyula bilər. Ona görə də, problemdən çıxış yolu məhz bütün dövlətlərin qarşılıqlı yardımlaşmasında keçir. Qeyd etdiyim kimi, Azərbaycan dövləti bütün ölkələri koronavirusla birgə mübarizəyə çağırıb. Bu qlobal çağırışa əməl olunması bəşəriyyət üçün faydalıdır”.

Son xəbərlər

Orphus sistemi