Peyvənddən kənarda qalan uşaqlarla bağlı Cəlilabad rayonunda keçirilən kampaniya çərçivəsində ümumilikdə 11 briqada kəndlərə cəlb olunub.
"Report"un Muğan bürosunun məlumatına görə, briqadalar ilkin səhiyyə müəssisələrində fəaliyyət göstərən pediatr, terapevt və tibb bacılarından ibarət olub.
Həmçinin ixtisaslı həkimlərdən ibarət xüsusi briqadalar yaradılıb və bu briqadalar müayinələrin aparılması üçün portativ USM, laborator, EKQ avadanlıqlarla təchiz edilib.
Yaradılmış səyyar həkim briqadaları kəndləri ziyarət edərək, peyvəndlə bağlı tərəddüdü olan valideynlərlə maarifləndirici görüşlər keçirib və peyvənddən kənarda qalan uşaqları vaksinasiyaya cəlb edib.
Qeyd edək ki, kampaniyadan əvvəl səyyar briqada heyətinə və onlara dəstək göstərəcək icma liderlərinə təlimlər də təşkil edilib.
Kampaniya müddəti boyunca əhaliyə uşaqların immunizasiyası və valideynlərin peyvənd tərəddüdü ilə bağlı suallarını cavablandırmaq məqsədilə hazırlanmış müxtəlif növ maarifləndirici materiallar təqdim olunub.