Bakı. 28 sentyabr. REPORT.AZ/ "Bakı Sağlamlıq Mərkəzində 2016-cı ilin 8 ayı ərzində 2116 əməliyyat icra edilib".
"Report" xəbər verir ki, bunu mərkəzin direktoru Hikmət Həsənov keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, icra olunan əməliyyatların sayı 2015-ci ilin 8 ayı ilə müqayisədə 34 faiz artıb: "Burun, qulaq, boğaz əməliyyatları 8 faiz, cərrahiyyə əməliyyatları 19.2 faiz, ginekoloji əməliyyatlar 6.8 faiz artıb".
Direktorun sözlərinə görə, mərkəzdə 136 həkim, 59 rezident və 257 tibb bacısı əhalinin sağlamlığına xidmət edir: "Bakı Sağlamlıq Mərkəzi 550 çarpayıdan ibarət 13 şöbədən təşkil olunub. Bu ilin 8 ayı ərzində bu şöbələrdə 7225 xəstə müalicə və müayinədən sonra sağalıb və evə yazılıb. Bu isə keçən ilin müvafiq dövrü ilə müqayisədə 13.1 faiz çoxdur".
H.Həsənov qeyd edib ki, bu ilin ötən dövrü ərzində mərkəzdə icra olunan keysəriyyə əməliyyatlarının sayı azalıb.