Azərbaycanda 2024-cü ilin ötən dövrü ərzində 29 min 489 heyvan dişləməsi qeydə alınıb.
"Report" xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Xüsusi təhlükəli infeksiyalar şöbəsinin müdiri vəzifələrini icra edən Aytəkin Qurbanova deyib.
O bildirib ki, bunlardan 16 min 334 hadisə məlum heyvanlar (it, pişik), 13 min 155 hadisə naməlum heyvanlar (it, pişik, siçovul) tərəfindən olub. 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 2024-cü ilin keçən dövrü ərzində heyvan dişləməsinə məruz qalanların sayı 800 nəfər azalıb.
Mütəxəssisin sözlərinə görə, heyvan dişləməsinə məruz qalanlarların quduzluğa qarşı antirabik vaksinlə əhatə olunması təmin edilib. Hazırda tibb müəssisələrində kifayət qədər antirabik vaksin var.
A.Qurbanova qeyd edib ki, 2024-cü ilin müvafiq dövrü ərzində quduzluq hadisəsi qeydə alınmayıb.