Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) brusellyoza qarşı epizootoloji vəziyyətin sabitliyinin təmin edilməsi məqsədilə seroloji monitorinqlər keçirəcək.
Qurumdan "Report"a verilən məlumata görə, fevralın 19-dan 29-dək davam edəcək tədbir zamanı 146 yaşayış məntəqəsində (47 rayon (şəhər)) fəaliyyət göstərən 50 başdan yuxarı südlük istiqamətli iribuynuzlu heyvanların saxlanıldığı 211 fərdi və fermer təsərrüfatlarında 1 yaşdan yuxarı ümumilikdə 2750 baş dişi heyvandan diaqnostik qan nümunələri götürüləcək.
Nümunələr bruselyoz xəstəliyi üzrə epizootoloji şəraitin öyrənilməsi, həmçinin dabaq və nodulyar dermatitə görə peyvənd olunduqdan sonra immun fonun təyin olunması məqsədilə Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim olunacaq.
Monitorinqlərdə Qida Təhlükəsizliyi Agentliyinin müfəttişləri və Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarələrinin mütəxəssisləri iştirak edəcəklər.
Qeyd edək ki, insanların bruselyoza yoluxmasının yeganə mənbəyi xəstə heyvanlardır və əksər hallarda yoluxma süd və süd məhsulları vasitəsilə baş verir.