Azərbaycanın Bona Dea Beynəlxalq Xəstəxanası ilə Türkiyənin bütün dünyada tanınan “LIV Medical Group” tibb şəbəkəsi arasında qarşılıqlı əməkdaşlıq haqqında müqavilə imzalanıb.
"Report" xəbər verir ki, tədbir Bona Dea Beynəlxalq Xəstəxanasının konfrans zalında baş tutub.
Müqavilənin şərtlərinə əsasən, Bona Dea Beynəlxalq Xəstəxanasının idarəetməsində Türkiyənin dünya şöhrətli şəbəkəsi də iştirak edəcək.
Müqavilənin bağlanmasında məqsəd iki ölkənin qabaqcıl tibb qurumları arasında qarşılıqlı əməkdaşlığın, birgə fəaliyyətin artırılması, habelə Türkiyənin səhiyyə sistemində tətbiq olunan ən yeni metodların, texnikanın Bona Dea Beynəlxalq Xəstəxanası vasitəsilə Azərbaycanda da tətbiqinə zəmin yaratmaqdır.
Xəstəxana artıq daha peşəkar tibbi personal və Avropa standartlarına cavab verən heyət ilə xəstələrin xidmətində olacaq.
Müqavilənin imzalanma mərasimində Bona Dea Beynəlxalq Xəstəxanasının baş həkimi Cabir Gülmalıyev və “LIV Medical Group” tibb şəbəkəsinin rəhbəri Muharrem Usta iştirak edərək müqavilənin gələcək perspektivlərindən və Azərbaycan səhiyyəsinə bəxş edəcəyi imkanlardan danışıblar.
Muharrem Usta bildirib ki, bu, çox önəmli hadisədir: "Azərbaycan səhiyyə sahəsində çox uğurlu işlər görüb. Bu, həm dövlət, həm də özəl xəstəxanalara aiddir. Dünyanın bir çox ölkəsi bu sahədə ciddi problemlər yaşayır. Azərbaycanın uğurlarını isə təqdir etməmək mümkün deyil".
Onun sözlərinə görə, bu, iki qardaş ölkə arasında əlaqələri daha da gücləndirəcək: "Buradakı xəstəxanalar həm də bizim, Türkiyədəki xəstəxanalar isə həm də sizindir. Burada geri dönüşü olmayan möhtəşəm bir hekayə yazacağıq. Elə hekayə yazacağıq ki, bütün xəstələr göstərilən xidmətdən, personaldan razı olacaqlar. Buradakı hər bir tibb işçisi bizim üçün çox qiymətlidir. Azərbaycan bizim üçün çox əhəmiyyətlidir. Buradakı bütün xəstəxanalarla əməkdaşlıq etmək bizim üçün xüsusi əhəmiyyət daşıyır".
C.Gülmalıyev isə deyib ki, qarşılıqlı əməkdaşlıq gücümüzə güc qatacaq: "Azərbaycan səhiyyəsi üçün uğurlu addım olacağına ümid edirəm. İnanıram, bundan sonra da oxşar addımlar atarıq. Beləliklə, səhiyyəmizin inkişafına əlavə töhfə verə biləcəyimizi düşünürəm".
Qeyd edək ki, 2018-ci ildən etibarən fəaliyyət göstərən Bona Dea Beynəlxalq Xəstəxanası müasir tibbi texnoloji avadanlıqlarla təchiz edilib, ən son yenilikləri izləyən və dünyada müasir standartlara cavab verən ölkənin ən qabaqcıl müalicə ocaqlarından biridir. Həmçinin, Bona Dea tibb sahəsində dünyanın ən qabaqcıl keyfiyyət standartlarından biri olan Joint Commission International (JCI) Akkreditasiya sertifikatını yüz faizlik (100%) nəticə ilə əldə edərək, bir daha Avropa standartlarına cavab verən tibbi xidmətlərə malik olduğunu sübut edib.