Bitkiçilik təsərrüfatlarını təhlükəli zərərvericilərdən necə qoruyaq?

Bitkiçilik təsərrüfatlarını təhlükəli zərərvericilərdən necə qoruyaq? Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) “AQTA maarifləndirir” rubrikası çərçivəsində Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) Elmi-tədqiqat və risklərin qiymətləndirilməsi departamentinin Bitki sağlamlığı şöbəsinin mütəxəssisləri meyvə-tərəvəzin
Sağlamlıq
147
3 Avqust , 2021 15:59
Bitkiçilik təsərrüfatlarını təhlükəli zərərvericilərdən necə qoruyaq?

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) “AQTA maarifləndirir” rubrikası çərçivəsində Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) Elmi-tədqiqat və risklərin qiymətləndirilməsi departamentinin Bitki sağlamlığı şöbəsinin mütəxəssisləri meyvə-tərəvəzin təhlükəli ziyanvericilərindən biri olan qəhvəyi mərmər taxtabiti haqqında məqalə hazırlayıblar.

"Report" məqaləni təqim edir:

"Asiya mənşəli qəhvəyi mərmər taxtabiti Çin, Yaponiya, Koreya, Tayvan ölkələri üçün spesifik iyli taxtabiti növünə aid olub, mülayim-subtropik iqlim qurşağında yayılıb. Bu həşərat istisevəndir və +15-33°C temperatur həddində inkişaf edir. Zərərverici +15° C-dən aşağı temperaturda qışlamaya, +33° C-dən yüksək temperaturda isə diapauzaya (sükunət dövrü) keçir. Qəhvəyi mərmər taxtabiti polifaq zərərvericidir. Əsasən, üstünlük verdiyi gülçiçəklilər fəsiləsi (Rosaceae) ilə birlikdə 49 fəsiləyə aid olan 300-dən çox bitki ilə qidalanaraq onların məhsuldarlığını əhəmiyyətli dərəcədə aşağı salır.

Həm yetkin, həm də sürfə mərhələsində zərərverici bitkinin meyvələri, cavan budaqları, yarpaqları, kökü, gülü və toxumları ilə qidalanır. Bu zaman meyvə-tərəvəzin səthini zədələyərək həmin hissədə nekrozun yaranmasına, üst səthin kələ-kötür olmasına, qəhvəyi və ağ rəngli ləkələrin əmələ gəlməsinə və meyvələrin dadının dəyişməsinə səbəb olur. Qəhvəyi mərmər taxtabitinin vurduğu zərər ilk olaraq meyvənin xarici görünüşündə özünü göstərir. Sitrus bitkilərində, xurma və üzümdə meyvələr yetişmədən tökülür. Qarğıdalıda dənin inkişafı dayanır, qərzəkli bitkilərdə (xüsusən fındıq) meyvələri sütül dövründə zədələyir və belə meyvələrdə ləpə inkişaf etmir. Pomidorda isə meyvənin ölçüsünün kiçik olmasına, çəkisinin itməsinə və dadının acı olmasına səbəb ola bilir. Ümumiyyətlə, qəhvəyi mərmər taxtabitinin qidalanması çoxlu sayda hüceyrə şirəsinin itməsinə, toxumların və meyvələrin deformasiyasına səbəb olur.

Qəhvəyi mərmər taxtabitinin sahib bitkilsərindən 113-ü Azərbaycan florasında mövcuddur. Azərbaycanın əksər bölgələrinin bitki örtüyü və iqlim şəraiti zərərvericinin məskunlaşması üçün əlverişlidir. Xüsusilə də Lənkəran-Astara bölgəsi iqlim şəraitinə görə məskunlaşma üçün optimal mühit sayılır. Bundan başqa, həmsərhəd ölkələrdən də zərərvericinin Azərbaycana keçmə ehtimalı yüksəkdir. Qəhvəyi mərmər taxtabitinin yetkin fərdləri və sürfələri yük daşımaları, nəqliyyat vasitələri və avadanlıqları, ağac materialları yüklənmiş konteynerlər, təzə meyvə-tərəvəz, kəsilmiş güllər, tinglər və digər vasitələrlə də yayıla bilir.

Zərərli orqanizm aşkarlandığı təqdirdə onun ləğv edilməsi üçün bir çox mübarizə tədbirlərindən istifadə olunmalıdır. Qəhvəyi mərmər taxtabitinin ləğv edilməsi üçün yerli şərait nəzərə alınmaqla özündə fitosanitar, kimyəvi, bioloji, fiziki və mexaniki mübarizə tədbirlərini birləşdirən tədbirlər sistemi həyata keçirilməlidir. Fitosanitar mübarizə tədbirləri həyata keçirildikdə ciddi karantin rejimi tətbiq olunmalı, qəhvəyi mərmər taxtabitinin yayıldığı ölkələrdən idxal olunan bütün yüklər (əl yükləri də daxil olmaqla) və nəqliyyat vasitələri daşıdıqları yükün təyinatından asılı olmayaraq nəzarətdə saxlanılmalıdır.

Zərərvericini nimfaların inkişafı dövründə bitki budaqlarını ağ parça üzərinə çırpma üsulu ilə, taxıl sahələrində isə entomoloji tor vasitəsilə asanlıqla aşkar etmək mümkündür. Zərərvericiyə qarşı səmərəli kimyəvi mübarizə vasitəsi kimi Bifenthrin və Bifenthrin - Malation (10:1) qarışığından da istifadə olunur. İlk kimyəvi dərmanlamanı qışlamadan çıxan yetkin fərdlərə qarşı axşam saatlarında havanın temperaturunun aşağı düşdüyü zaman aparmaq lazımdır. Çünki bu zaman zərərvericinin aktivliyi də azalır. Qışlama dövründə taxtabitinin aktivliyi kəskin aşağı düşdüyü üçün mexaniki tədbirlərdən istifadə edərək, zərərvericinin toplanması (süpürməklə, tozsoranla və s.), sonra isə yandırılması, sabunlu suda saxlamaqla məhv edilməsi daha səmərəlidir.

Ən müasir və geniş tətbiq olunan üsullardan biri delta, aqreqasiya tipli feromonlu və işıq tələlərdən istifadə edilməsidir. Həftədə 1 dəfə olmaqla həmin tələlər yoxlanılır. Ekspertiza üçün tələlərə düşən həşəratlardan nümunə götürülür. Lazım gəldikdə həmin tələlərin üzərinə kimyəvi qatqılı yapışqan maye çəkilir. Bu zərərli orqanizm ilə mübarizə aparmaq üçün pestisidlərin yaşayış məntəqələrində istifadəsi qadağandır. Ev şəraitində isə qəhvəyi mərmər taxtabitinə qarşı bir sıra mübarizə tədbirlərindən istifadə etmək olar. Belə ki, axşam saatlarında köhnə ağ parça və ya dəsmalları isladıb, yüngül sıxaraq uyğun olan yerlərə qoyulur və səhər onların büküşlərinə baxılır, fərdlər aşkar edildiyi halda sabunlu suda məhv edilir. Qəhvəyi mərmər taxtabitinin Azərbaycan üçün yeni invaziv növ olması nəzərə alınaraq, eləcə də sayından asılı olmayaraq aşkar edildiyi təqdirdə, bütün ocaqlarının tamamilə məhv edilməsi üçün düzgün mübarizə tədbirləri tətbiq olunmalıdır".

Son xəbərlər

Orphus sistemi