Biləsuvar Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Biləsuvar şəhərində və rayonun bütün kəndlərində koronavirus pandemiyasına qarşı mübarizə məqsədilə aparılan təbliğat-təşviqat işləri daha da gücləndirilib.
"Report"un Muğan bürosunun məlumatına görə, rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə təhsil könüllüləri və ümumtəhsil məktəblərinin texniki heyəti də bu təşəbbüslərə qoşulub. Onlar əhalinin daha çox istifadə etdiyi yerlərə maarifləndirici stikerlər yapışdırıb, sakinlərə qoruyucu maska, əlcək və spirt kimi gigiyenik vasitələr paylayıblar.
Sakinlərlə aparılan söhbət zamanı onlara virusdan qorunmaq üçün ara məsafəsi saxlanılması və gigiyenik qaydalara riayət etmələri bildirilərək, açıq və qapalı yerlərdə qoruyucu maska taxmalarının sağlamlıqları üçün məcburi olduğu qeyd edilib.
Həmçinin rayon ərazisində əhalinin sağlamlığının qorunması məqsədilə gündəlik olaraq qrafik üzrə küçə və prospektlərin səkiləri, park və bağların ətraf əraziləri, əsasən də binaların həyətləri, girişləri və sakinlərin daha çox istifadə etdiyi digər yerlər kimyəvi vasitələrlə dezinfeksiya edilir.
Qeyd edək ki, Biləsuvar rayonunda sərt karantin rejimi tətbiq olunub.