Bakıda “Tibb hüququ Azərbaycan hüquq elminin yeni sahəsi kimi” mövzusunda konfrans keçirilib

Bakıda “Tibb hüququ Azərbaycan hüquq elminin yeni sahəsi kimi” mövzusunda konfrans keçirilib Aytən Mustafazadə: "Beyin ölmünün ekspertizasını aparmaq üçün ayrıca təşkilat olmalıdır"
Sağlamlıq
21 Fevral , 2018 15:29
Bakıda “Tibb hüququ Azərbaycan hüquq elminin yeni sahəsi kimi” mövzusunda konfrans keçirilib

Bakı. 21 fevral. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Hüquq və İnsan Haqları İnstitutunun təşkilatçılığı ilə “Tibb hüququ Azərbaycan hüquq elminin yeni sahəsi kimi” mövzusunda konfrans keçirilib.

"Report"un məlumatına görə, tədbirdə Milli Məclisin deputatları və Komitə sədrləri, həmçinin dövlət qurumlarının təmsilçiləri, ali təhsil müəssisələrinin rəhbərləri, alimlər və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun direktoru Aytən Mustafazadə dünya ölkələrinin təcrübəsində müstəqil hüquq sahəsi kimi formalaşan tibb hüququ barəsində geniş məlumat verib, cəmiyyətdə tibb hüququ sahəsində məlumatların olduqca səthi xarakter daşıdığını və Azərbaycan Tibb Universitetində və digər universitetlərin hüquq fakültələrində həmin fənnin tədrisinə ciddi zərurətin olduğunu vurğulayıb.

O bildirib ki, son illər səhiyyə sahəsində müəyyən problemlər yaşanır: "Bu sahədə məsuliyyət baxımından problemlər çoxdur. Bunun qarşısını almaq üçün hüquqi normalar müəyyənləşdirilməli və bunları həyata keçirmək üçün maarifləndirici işlər görmək lazımdır. Qarşımızda görüləcək çox iş var. Biz həm qanunvericilik təşəbbüsü ilə çıxış etməli, həm maarifləndirici işlər aparmalı, həm də bu hüquq və vəzifələri vətəndaşlara çatdırmalıyıq".

"Reproduktiv sağlamlıq haqqında qanun çox vacib olsa da, neçə illərdir qəbul olunmur. Bundan başqa, transplantologiya ilə bağlı hazırda çox böyük boşluq, problemlərin olduğunu deyə bilərəm. Bu haqda imzalanan qanun 20 ildir işləmir və kağız üzərində qalıb. Bunlara təkan vermək üçün tibb hüququ elmi lazımdır" - İnstitut direktoru qeyd edib.

A.Mustafazadə reproduktiv sağlamlıq haqqında qanunun dinlə əlaqələndirilməsinə etiraz edib: "Başa düşmürəm, bunun dinə nə aidiyyəti?! Bu, din deyil, elmdir. Dinin buna heç bir dəxli yoxdur. Ümumiyyətlə, səhiyyə sahəsində problemlər çoxdur. Transplantologiyanı "qara bazar" alıb aparıb. Amma bu məsələ düzgün qurulmalıdır. Beyin ölmünün ekspertizasını aparmaq üçün ayrıca təşkilat olmalıdır. Bu sahələrin hüquqi tənzimlənməsi vacibdir".

Tibb Universitetinin rektoru Gəray Gəraybəyli Azərbaycanda səhiyyənin inkişaf etdiyini söyləyərək əhalinin artıq müalicə üçün ucqar kəndlərdən Bakıya gəlməsinə ehtiyac qalmadığını deyib. O bildirib ki, səhiyyədə mövcud olan problemlərdən biri həkim səhvidir: "Deyə bilmərik ki, həkim səhvi olmasın. Dünyanın hər yerində həkim səhvi ucbatından xəstənin vəziyyətinin ağırlaşması halları baş verir. Bu məsələlərin hüquqi tənzimlənməsi lazımdır. Son illər tətbiq olunan icbari tibbi sığorta da bu problemlərin həlli sayılır. Tibb sahələri qanunla tənzimləndikdən sonra bir çox məsələlər həllini tapacaq".

Tədbirdə qeyd olunub ki, Bakı Dövlət Universitetində (BDU) tibb hüququ üzrə magistratura pilləsinin yaradılması istiqamətində işlər görülür.

Son xəbərlər

Orphus sistemi