Bakıda “Avropa və Mərkəzi Asiyada Qida standartlarının təkmilləşdirilməsi və Kodeksin fəaliyyətində iştirakın genişləndirilməsi” mövzusunda ikigünlük beynəlxalq tədbir işə başlayıb.
"Report" xəbər verir ki, 15-ə yaxın ölkəni təmsil edən nümayəndələrin iştirakı ilə keçirilən tədbirə Azərbaycanın müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbər şəxsləri, həmçinin BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), Ümumdünya Ticarət Təşkilatı (ÜTT), UNICEF, Avropa Komissiyası, Dünya Bankı və digər nüfuzlu qurumların ümumilikdə 60-dan artıq nümayəndəsi qatılıb.
Tədbirdə qida təhlükəsizliyi standartları diqqət mərkəzində saxlanılır, regionda Kodeksdən istifadə və Kodeksdə iştirakla bağlı irəliləyişlər və problemlər müzakirə edilir və “Vahid Sağlamlıq” konsepsiyası çərçivəsində qida təhlükəsizliyinin müvafiq aspektləri nəzərdən keçirilir.
Tədbirin açılışında çıxış edən Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli bildirib ki, ölkədə qida təhlükəsizliyinə nəzarət sisteminin təkmilləşdirilməsi, bu sahədə dövlət tənzimlənməsi və nəzarətin həyata keçirilməsi məqsədilə yaradılan Agentlik Milli Kodeks Sisteminin formalaşdırılması üçün FAO-nun Avropa və Mərkəzi Asiya üzrə Regional Ofisi ilə fəal və səmərəli əməkdaşlıq edir.
Q.Təhməzli vurğulayıb ki, AQTA-nın fəaliyyət göstərdiyi dövrdə respublikamızda qida təhlükəsizliyi sahəsində bir sıra islahatlar aparılıb.
AQTA sədri qeyd edib ki, Agentlik tərəfindən aparılan işlər qida təhlükəsizliyinin təmin olunması ilə yanaşı, ölkənin ixrac potensialına da töhfə verməkdədir.
Tədbirdə çıxış edən Azərbaycanın səhiyyə naziri Teymur Musayev qida təhlükəsizliyinin əhalinin sağlamlığının və səhiyyə sisteminin mümkün təhdidlərdən qorunmasında mühüm rol oynadığını bildirib.
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib ki, dünyada qlobal təhlükələr və risklər - su çatışmazlığı, quraqlıq, istiləşmə, səhralaşma, sənayeləşmə, beynəlxalq konfliktlər, pandemiyalar, epidemiyalar dövründə ərzaq və qida təhlükəsizliyi bəşəriyyət üçün prioritet sahələrdir. Azərbaycan hər zaman olduğu kimi müasir çağırışlara uyğun beynəlxalq standartlara cavab verən qida təhlükəsizliyi sistemi yaradıb. Ərzaq və qida təhlükəsizliyi sahəsində beynəlxalq təcrübələr nəzərə alınaraq islahatlar aparılır, sahibkarlara, fermerlərə dövlət dəstəyi göstərilir. Məşğul əhalinin işlə təmin edilməsi, ərzaq məhsullarının qiymətlərinin əlçatan olması və yoxsulluğun aradan qaldırılması daim dövlətimizin diqqət mərkəzindədir.
Tədbirdə çıxış edən FAO-nun Azərbaycandakı nümayəndəsi Muhammad Nasar Hayat vurğulayıb ki, qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən qurumlar istehlakçıları təhlükəsiz qida məhsulları ilə təmin etmək üçün fəal şəkildə çalışır. Qida təhlükəsizliyinin idarə edilməsində davamlı olaraq yeni imkanlar və çağırışlar meydana çıxır və elm əsaslı qida standartları tətbiq edilir.
Kodeks Alimentarius Komissiyası Katibliyində Qida Standartları üzrə baş katib Hilde Kruse bildirib ki, FAO/ÜST Kodeks Etimad Fondu layihələri ölkələrə Kodeks işində iştirak etmək üçün möhkəm və davamlı milli potensialın yaradılmasına dəstək verir. Azərbaycan hökuməti də daxil olmaqla, regionun bir çox ölkələri bu dəstəkdən faydalanır.
Daha sonra tədbir “Qida təhlükəsizliyi prioritetləri haqqında regiondakı yeniliklər”, “Təhlükəsiz qida üçün standartların rolu və istifadəsi” və “Qida təhlükəsizliyində “Vahid Sağlamlıq” yanaşmasının gücləndirilməsi” mövzularında sessiyalarla davam edib.
Qeyd edək ki, tədbirdə AQTA-nın 5 illik fəaliyyətinə həsr olunan “5 dəqiqədə 5 il” adlı videoçarx nümayiş etdirilib.
Tədbir işini sabah da davam etdirəcək.