Azərbaycanın tanınmış ürək cərrahı Cənubi Koreyada mükafata layiq görülüb

Azərbaycanın tanınmış ürək cərrahı Cənubi Koreyada mükafata layiq görülüb Kamran Musayev Asiya Ürək-Damar Cərrahiyyəsi Cəmiyyətinin illik konfransında iştirak edib
Sağlamlıq
5 Aprel , 2017 15:39
Azərbaycanın tanınmış ürək cərrahı Cənubi Koreyada mükafata layiq görülüb

Bakı. 5 aprel. REPORT.AZ/ Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri, Mərkəzi Klinik Xəstəxananın baş həkimi, tibb elmləri doktoru Kamran Musayev Koreyanın paytaxtı Seul şəhərində keçirilən Asiya Ürək-Damar Cərrahiyyəsi Cəmiyyətinin illik konfransında iştirak edib.

Cəmiyyətin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, K.Musayev bildirib ki, Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti beynəlxalq əlaqələrə xüsusi diqqət ayırır. 

Onun sözlərinə görə, bu kimi beynəlxalq konfranslar kardiologiya və ürək-damar cərrahiyyəsi sahəsində çalışan mütəxəssislərin elmin son yenilikləri ilə tanış olmasına, əldə edilən nailiyyətlər ətrafında fikir mübadiləsi aparmalarına şərait yaradır: “Asiyanın ən tanınmış kardioloq və kardio-cərrahlarının iştirak etdiyi bu beynəlxalq konfrans bizim üçün həm təcrübə mübadiləsi aparmağa imkan verdi, həm də Asiyanın aparıcı mütəxəssisləri ilə əməkdaşlıq etmək barədə razılıq əldə etdik. Bu ilin may ayında təşkil edəcəyimiz və ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan "Bakı Ürək Günləri" 5-ci Beynəlxalq Konqresi barədə asiyalı həmkarlarımıza məlumat verdik, gələcəkdə Asiya Ürək-Damar Cərrahiyyəsi Cəmiyyəti ilə ortaq layihələr həyata keçirmək, ürək xəstəlikləri, onlardan qorunmanın yolları və müalicəsində tətbiq edilən yeniliklərlə bağlı təcrübə mübadiləsi aparmaq barədə razılıq əldə etdik.”

Konfransda "Aortal qapağın təmiri - Bakı təcrübəsi" ("Isolated aortic valve repair - Baku experience") mövzusunda öz əməliyyatlarının nəticələrini təqdim edən K.Musayev bu günə qədər ölkədə həyata keçirilən ürək-damar əməliyyatları, əldə edilən nəticələr barədə asiyalı həmkarlarına məlumat verib, onları maraqlandıran sualları cavablandırıb.

K.Musayevin təqdimatı təşkilat komitəsinin xüsusi mükafatına layiq görülüb. O qeyd edib ki, bu mükafatı təkcə ona deyil, Azərbaycanın ürək-damar cərrahiyyəsinə verilən beynəlxalq mükafat kimi qiymətləndirir. 

Son xəbərlər

Orphus sistemi