Psixiatr: "Azərbaycanda müraciətlər daha çox isteriya nevrozu ilə bağlı olur"

Psixiatr: "Azərbaycanda müraciətlər daha çox isteriya nevrozu ilə bağlı olur" "1980-1990-cı illərdə böyüyən insanlar bu problemdən daha çox əziyyət çəkirlər"
Sağlamlıq
21 Noyabr , 2016 13:32
Psixiatr: Azərbaycanda müraciətlər daha çox isteriya nevrozu ilə bağlı olur

Bakı. 21 noyabr. REPORT.AZ/ "Hazırda insanları narahat edən, ən çox müraciətlərin olduğu psixi pozuntular arasında isteriya nevrozu və panik ataklar üstünlük təşkil edir".

Bunu "Report"a açıqlamasında psixiatr, psixoterapevt Mehriban Rzayeva deyib.

Onun sözlərinə görə, hazırda bu cür problemlə bağlı daha çox orta yaşlı insanlardan müraciətlər daxil olur: "Bu xəstəlikdən əziyyət çəkənlərin demək olar 60 faizini qadınlar, 40 faizini kişilər təşkil edir. Ümumiyyətlə, təşviş sindromu ilə bağlı müraciətlər daha çox olur. Çox vaxt insanlar problemlə bağlı psixiatra yox, müxtəlif həkimlərə (terapevt, kardioloq və s.) üz tuturlar. Digər orqanlarda problem aşkar edilmədikdə ən sonda psixiatrlara müraciət olunur".

M.Rzayeva bildirib ki, əvvəlki illərlə müqayisədə müraciətlərin sayında artım qeydə alınıb: "Hazırda yetkin yaşda olanların çoxu 1980-1990-cı illərdəki qeyri-sabit şəraitdə, həmçinin 20 Yanvar, Qarabağ hadisələrinin gərgin olduğu dövrün problemləri içərisində böyüyənlərdir. Bu gün həmin insanların psixoloji diskomfortları var. İsteriya nevrozu müalicəsi zəruri olan problemdir. Stress insanda ürək döyünməsi, tərləmə, təngnəfəslik, boğulma yaradır. Ona görə də çox vaxt bu cür problemlərlə qarşılaşan insanlar qalxanvəri vəzlərini yoxladırlar. Həkimlər müayinələrdən sonra heç bir problem aşkar etmədikdə xəstəliyin sinirlə əlaqəli olduğunu deyirlər".

Psixoterapevt vurğulayıb ki, bəzən xəstələr bu cür pozuntularla müraciət etdikdə dərmanla müalicə aparmağa ehtiyac yaranır: "Əgər xəstə müalicə aldıqdan sonra yenidən eyni vəziyyətə düşmək istəmirsə, psixoterapevtik yardım üçün müraciət etməlidir. Müalicə zamanı söhbətlər aparmaq lazım gəlir. Müalicənin başlamasından iki həftə sonra müsbət dəyişiklik olur. Hətta 4-6 həftəyə xeyli yaxşılaşma, iki-üç aya isə xəstəlikdən xilas olmaq mümkündür. Amma insanı həmin problemə sürükləyən sosial vəziyyət davam edirsə, xəstəlik yenidən baş qaldıracaq. Bu zaman isə artıq psixoterapiya metodları ilə kömək etmək olar".

M.Rzayeva pasiyentin ağır depressiya halında müraciət etdiyi təqdirdə nəzarət altında müalicəsinin aparılması məsləhət görüldüyünü söyləyib: "Depressiya zamanı ilkin müalicəyə dərmanlarla başlamaq lazımdır. Çünki bu xəstəliyin dərmanla müalicəsi müsbət nəticə verir. Əgər problem depressiyadan deyil, sosial münaqişə vəziyyətindən yaranırsa, onda ailə psixoterapiyası aparılmalıdır. Bu zaman ailə üzvlərinin hər biri ilə konsultasiya aparmaq vacibdir".  

Son xəbərlər

Orphus sistemi