Azərbaycanda ilk dəfə yeni doğulan uşaqlar anadangəlmə məxmərək sindromu ilə bağlı müayinə ediləcək

Azərbaycanda ilk dəfə yeni doğulan uşaqlar anadangəlmə məxmərək sindromu ilə bağlı müayinə ediləcək "Əgər bu uşaqlarda anadangəlmə məxmərək sindromuna şübhə yaranarsa, deməli ana hamilə vaxtı məxmərək xəstəliyi keçirib"
Sağlamlıq
22 Aprel , 2016 13:12
Azərbaycanda ilk dəfə yeni doğulan uşaqlar anadangəlmə məxmərək sindromu ilə bağlı müayinə ediləcək

Bakı. 22 aprel. REPORT.AZ/ "Anadangəlmə məxmərək sindromu ilə əlaqədar bir çox ölkə hələ də heç bir addım ata bilmir. Azərbaycanda məxmərək və qızılcanın ləğvinə nail olunandan sonra, növbəti addım olaraq anadangəlmə məxmərək sindromunun qarşısının alınması işlərinin görülməsinə başlanılıb. Bütün bunları nəzərə alaraq Azərbaycanda bu aydan etibarən ilk dəfə olaraq yeni doğulan uşaqlar anadangəlmə məxmərək sindromu ilə bağlı müayinə ediləcək".

"Report"un xəbərinə görə, bunu Səhiyyə Nazirliyinin epidemioloji nəzarət şöbəsinin əməkdaşı Nəzifə Mürsəlova deyib.

Onun sözlərinə görə, anadangəlmə məxmərək sindromu sonradan uşaqlarda çox ağır fəsadlar yarada bilər: "Eşitmə, danışmaq, görmə qüsurlü uşaqlar, ürək qüsurları ilə doğulan körpələr, həmçinin yenidoğulanlarda qeydə alınan qüsurların bir qismi anadangəlmə sindromu nəticəsində yarana bilər. Bu məqsədlə ötən həftədən ölkədə yeni doğulan uşaqların anadangəlmə məxmərək sindromu yoxlanılır. Bu layihə hazırda pilot şəkildə 4 tibb ocağında-Oftalmologiya Mərkəzində, Pediatriya İnstitutu, Uşaq Klinik Xəstəxanası və Əbülfəz Qarayev adına 2 saylı Uşaq Poliklinikasında icra olunur. Yeni doğulmuş uşaqlar ilk olaraq bu xəstəxanalarda qeydə alınır və qüsurları ilk dəfə olaraq burada məlum olur".

N.Mürsəlova qeyd edib ki, müəyyən kriteriyalar üzrə belə qüsurlar olarsa, həmin uşaqlardan mütləq qan nümunələri toplanacaq və müayinədən keçiriləcək: "Əgər bu uşaqlarda anadangəlmə məxmərək sindromunun olmasına şübhə yaranarsa, həmin xəstəliyə qarşı imunoqlobinlər aşkar olunarsa, deməli ana hamilə vaxtı məxmərək xəstəliyi keçirib. Bunun da qarşısını almaq üçün epidemioloji nəzarəti gücləndirməliyik. Epidemioloji nəzarətin bir qüvvəsi də pediatrlardır. Çünki ilk əlamətləri uşaqlar görürlər və bu işdə məsuliyyətli olmalıdırlar”.

Respublikanın baş pediatrı Nəsib Quliyev isə bildirib ki, hazırda ÜST-nin Avropa Regional Bürosu ilə birlikdə Səhiyyə Nazirliyinin rəhbərliyinin tapşırığına əsasən, qızılca və məxmərəyin üzərində epidemioloji nəzarət gücləndirilib. Onun sözlərinə görə, hətta anadangəlmə məxmərək sindromu ilə bağlı artıq nəzarət aparılır: “Şübhəli xəstələrdən qan nümunələri götürülür. Referens laboratoriyada bu uşaqda və ya onun anasında məxmərəyə aid əlamət varsa, onlar nəzarətə götürülür və müvafiq tədbirlər görülür”.

Son xəbərlər

Orphus sistemi