Azərbaycanda Hindistan ştammı təhlükəsi

Azərbaycanda Hindistan ştammı təhlükəsi Koronavirus pandemiyasının Hindistanın Delta variantının yoluxma gücü daha çox olan yeni ştammı - “Delta Plus” (K417N) sürətlə yayılmağa davam edir.
Sağlamlıq
832
25 İyun , 2021 15:06
Azərbaycanda Hindistan ştammı təhlükəsi

Koronavirus pandemiyasının Hindistanın Delta variantının yoluxma gücü daha çox olan yeni ştammı - “Delta Plus” (K417N) sürətlə yayılmağa davam edir.

“Report” xəbər verir ki, artıq dünyanın 11 ölkəsində yeni ştamma rast gəlinib.

Alimlər COVID-19-un Hindistan ştammına (DELTA) yoluxmuş xəstələrin dörd yeni simptomla qarşılaşdıqlarını bəyan edirlər. Belə ki, SARS-CoV-2-nin delta variantına yoluxanlar tez-tez ishaldan şikayətlənirlər. Halbuki pandemiyanın ilk dalğası zamanı bənzər simptom daha az müşahidə edilirdi. Bundan əlavə, Hindistan ştammının pasiyentləri qanqrenaya gətirib çıxaran trombların yaranması ilə qarşılaşırlar. Simptomlar arasında həmçinin eşitmə pozğunluğu və ağır mədə narahatlığı da var. “Delta” variantı son altı ayda 60-dan çox ölkədə yayılıb.

Mütəxəssislər “Delta Plus”un (K417N) ilk dəfə Cənubi Afrikada qeydə alındığını iddia edirlər. Bu da o deməkdir ki, hind variantlı ştamm Cənubi Afrika növü ilə qarışıqdır. Bu ştammın əvvəlki dominant növdən – Britaniya ştammından 60% daha sürətli yoluxduğu qeyd olunur. Eyni zamanda bu virus ağciyər hüceyrələrinə daha asan düşür. Lakin yenə də bu sahədə tədqiqatlar davam edir. Delta ştammı daha çox gənc və iki doza peyvəndi vurdurmayan şəxslərdə müşahidə edilir. İlkin araşdırmalara görə, Pfizer-Biontech vaksininin iki dozasının yeni ştamma qarşı 80 %-in üzərində effektiv olduğu bildirilir.

“Delta” variantına qardaş ölkə olan Türkiyədə də yoluxan şəxslər olub. Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca 134 belə faktın olduğunu təsdiqləyib.

Bu da o deməkdir ki, Hindistan ştammı Azərbaycana hər an daxil ola bilər.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) “Report”un sorğusuna cavab olaraq bildirilib ki, hazırda Azərbaycanda koronavirus infeksiyasının müxtəlif ştamlarının müəyyənləşdirilməsi istiqamətində tədqiqatlar aparılır:

“Bu günə kimi ölkədə Hindistan ştammı rəsmi şəkildə qeydə alınmayıb. Bununla bağlı məlumat olduqda ictimaiyyətlə bölüşüləcək. Bununla belə, epidemioloji vəziyyət nəzərə alınaraq müvafiq sanitariya və gigiyena qaydalarına riayət olunması tövsiyə olunur”.

Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru, azərbaycanlı alim Nuran Abdullayev isə “Report”a açıqlamasında deyib ki, “Delta” variantının fərqli populyasiyalarda sürətlə yayıldığını və ölüm riskində müxtəlif fərqlər yaratdığını elmi tədqiqatlar da göstərir:

“Hətta bu barədə aprel ayının əvvəlindən Azərbaycana xəbərdarlığım da olub. Televiziya vasitəsilə insanlara bu ştammın təhlükəsini və buna qarşı olunmalı olan tədbirləri izah etməyə çalışdım. Bir neçə ay keçib və müşahidə edirik ki, Hindistan ştammı dünyada COVID-19-un yeni dalğasının yaranmasına və yaxud yaranacağına səbəb olur”.

N.Abdullayevin sözlərinə görə, bu gün Azərbaycanın qarşısında duran məqsəd o olmalıdır ki, yeni ştammın ölkədə yayılmasının qarşısı maksimum dərəcədə alınsın: “Ən vacib faktor yeni ştamma qarşı yüksək effektivli peyvəndlərdən istifadə etməkdir. Azərbaycanın əlindəki bugünkü imkanlarla müəyyən formada koronavirusun “Delta” variantına qarşı tez bir zamanda effektli peyvəndlərlə insanları vaksinasiyaya cəlb etmək labüddür. Mən inanıram ki, artıq effektli peyvəndlərin nə demək olduğunu artıq hər kəs başa düşür”.

Qeyd edək ki, bu ilin mart ayında Azərbaycanda “Sars Cov-2” genom analizi edilən üç nümunədə 501Y.V1, B.1.1.7 (Britaniya variantı) aşkar edilmişdi.

Xatırladaq ki, bu günə qədər ölkədə 335 676 nəfər COVID-19-a yoluxub. Onlardan 329 870 nəfəri artıq sağalıb. Ümumilikdə isə virusa yoluxan 4 965 nəfər dünyasını dəyişib.

Son xəbərlər

Orphus sistemi