Azərbaycanda dağınıq skleroz xəstələrinin sayı 1000 nəfərə yaxındır

Azərbaycanda dağınıq skleroz xəstələrinin sayı 1000 nəfərə yaxındır "İl ərzində ölkədə hər 100 000 nəfər əhaliyə 3-4 xəstələnmə hadisəsi qeydə alınır"
Sağlamlıq
114
1 Mart , 2018 13:42
Azərbaycanda dağınıq skleroz xəstələrinin sayı 1000 nəfərə yaxındır

Bakı. 1 mart. REPORT.AZ/ Azərbaycanda dağınıq skleroz xəstələrinin sayı 1000 nəfərə yaxındır və xəstələnmə halları ilbəil artmağa meyillidir.

“Report” xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin fevralın 28-də imzaladığı "Azərbaycan Respublikasında dağınıq skleroz xəstəliyinin müalicəsi, profilaktikası və onunla mübarizə tədbirlərinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı"nda qeyd olunub.

Dövlət Proqramında bildirilib ki, il ərzində ölkədə hər 100 000 nəfər əhaliyə 3-4 xəstələnmə hadisəsi qeydə alınır. Statistik məlumatlara görə isə hazırda dünya üzrə dağınıq sklerozdan əziyyət çəkən xəstələrin sayı 2 milyona yaxındır.

Qeyd edək ki, dağınıq skleroz baş və onurğa beyinin sinir liflərinin mielin örtüyünün zədələnməsi ilə müşayiət olunan xroniki autoimmun xəstəlikdir. Bu xəstəliyə ən çox 18-45 yaşlı insanlarda rast gəlinir, lakin bütün yaş qruplarında dağınıq skleroza təsadüf edilə bilər. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, nevroloji xəstəliklər arasında dağınıq skleroz cavan yaşda əlilliyin əsas səbəblərindən biridir. Bu xəstəliyə tutulmuş şəxslər xəstəliyin başlanmasından 10-15 il sonra sərbəst hərəkət etmək imkanından məhrum olurlar.

Son xəbərlər

Orphus sistemi