Azərbaycanda autizmli uşaqların sayı artır

Azərbaycanda autizmli uşaqların sayı artır “II Azərbaycan Autizm Paneli” adlı tədbir keçirilib
Sağlamlıq
12 Aprel , 2017 14:40
Azərbaycanda autizmli uşaqların sayı artır

Bakı. 12 aprel. REPORT.AZ/ Bu gün Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında 2 aprel Ümumdünya autizm gününə həsr olunmuş “II Azərbaycan Autizm Paneli” adlı tədbir keçirilib.

Bu barədə "Report"a ATU-nun mətbuat xidmətindən məlumat verilib.

Tədbirdə açılış nitqi ilə çıxış edən direktor professor Hüseyn Qabulov belə tədbirlərə universitet klinikası olaraq ev sahibliyi etmələrindən məmnun olduqlarını bildirib.

ATU-nun elmi işlər üzrə prorektoru Rauf Bəylərov çıxışında dünyada və eləcə də Azərbaycanda autizmli uşaqların sayının artdığını bildirib: “Autizm inspektor pozulmaları uşaq yaşı neyroinkişaf pozulmaları arasında əhəmiyyətli yer tutur. BMT-nin uşaq fondu Heydər Əliyev fondu ilə birlikdə Azərbaycanda da bu istiqamətdə çox əhəmiyyətli işlər görür. Hər il dünyada autizmli uşaqların sayı ildən-ilə artır. Digər tərəfdən ehtiyac yaranarsa, autizmin gedişini dəyişə bilərik. Bu baxımdan pediatrların üzərinə böyük məsuliyyət düşür. Onlar uşaqlarda problemləri tez bir zamanda aşkarlayaraq, onun həllinə qismən də olsa nail ola bilərlər”.

Daha sonra millət vəkili Məlahət İbrahimqızı çıxış edərək belə tədbirlərin keçirilməsinin çox yüksək dəyərləndirdiyini qeyd edib: “Qeyd edildiyi kimi, dünyada olduğu kimi ölkəmizdə də autizmli uşaqların sayı artır. Son zamanlar bu problemin aktuallaşdığını nəzərə alaraq, düşünürəm ki, hökumət səviyyəsində də bu məsələləri müzakirə etmək zərurəti yaranıb. Bir sıra ölkələrdən fərqli olaraq, Azərbaycanda bu sahədə müəyyən irəliləyişlərin olduğu danılmazdır. Bu problemlə məşğul olan təşkilatların sayı yetərincədir. Bizlərdə onlara əlimizdən gəldiyi qədər dəstək olmalıyıq.

M.İbrahimqızı hesab edir ki, bu sahədə dövlət proqramının hazırlanmasına ehtiyac var: “Ölkəmizdə autizm xəstəliyi ilə məşğul olan çox savadlı həkimlərimiz var. Düşünürəm ki, onların sayəsində hər bir ana yetərincə məlumatlana və vaxtında, əgər uşağında belə bir problem varsa onu aşkarlaya bilər. Çünki, maarifləndirmə işlərinin genişləndirilməsi bu sahədə çox böyük irəliləyişlərə səbəb olacaq. Dövlətimizin də səhiyyə sahəsində işləyib hazırladığı proqramlar, bu sahəyə də öz müsbət təsirini göstərəcəyinə əminəm”.

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatları Mərkəzinin (İSİM) nümayəndəsi Səbinə Babazadə çıxış edərək mərkəz adından Universitet rəhbərliyinə və direktora göstərdiklər dəstəkdən dolayı minnətdarlığnı bildirib. O, mərkəz olaraq autizm sahəsində maarifəndirmə işlərinin onların əsas prioritet məsələlərdən biri olduğunu vurğulayıb: “Əvvəllər bəzi valideynlər özləri belə uşaqlarında bu problemin olduğunu gizlədirdirdilər. Son zamanlarda autizmlə əlaqədar maarifləndirmə işlərinin genişləndirilməsi bu baxımdan çox müsbət nəticələri verdi. Çünki, artıq hər bir valideyn, ana uşağının autizm xəstəliyini tez bir zamanda həkimə müraciət edərək aşkarlaya biləcək. Ona görə də həkimlərin üzərinə çox böyük məsuliyyət düşür. Vaxtında diaqnozun qoyulması və xəstəliyin aşkar edilməsi önəmlidir. Analar özləridə bilirlər ki, hansısa bir xəstəlik nə qədər tez və zamanında aşkarlanarsa, bu xəstəliyin gələcəkdə yarada biləcəyi fəsadların qarşısını almış olacaq”.

2012-ci ildən Azərbaycanda maarifləndirmə işlərinə cəlb edildiyini diqqətə çatdıran S.Babazadə bundan sonra da görülən işlərlə kifayətlənməyəcək və bu sahədə daha uğurlu işlər görəcəklərini deyib: “Dünya əhalisinin 1%-i autizm inspektor pozuntusundan əziyyət çəkir. Autizm spektr pozulmaları ildən-ilə artır və getdikcə ağır və sosial problemə çevrilir. ABŞ-da 2004- cü ildə hər min uşaqdan 68-də həmin sindrom özünü göstərirdisə, 2014-cü ildə hər min uşaqdan 150-si onunla üzləşib”.

Tədbirin davamında həkimlər Kamran Salayevin “Auztizmin Diaqnostik meyarları”, Nigar Sədiyevanın “Uşaq inkişafı və onun qiymətləndirilməsi”, psixoloq Turanə Əliyevanın “Autizm spektr pozuntusu Diaqnozu olan uşaqların psixi sağlamlıq ehtiyaclarının təhsil vasitəsilə dəstəklənməsi, mövcud problemlər və inkişaf imkanları”, Rima İbadovanın “Autizmlə yanaşı sıx rastlanan epileptik sindromlar və bu uşaqlarda elektroensefaloqrammanın xüsusiyyətləri”, İkram Rüstəmovun “Autizm spektr pozuntlarında medikal müalicə üsulları” mövzularında çıxışları dinlənib. Sonda isə “Birgə və sağlam” İctimai birliyinin sədri Aytən Zeynalova çıxış edib.

Son xəbərlər

Orphus sistemi