Arəstə Baxışova beynəlxalq “Florens Naytinqeyl” medalına layiq görülüb

Arəstə Baxışova beynəlxalq “Florens Naytinqeyl” medalına layiq görülüb Dünyanın 18 ölkəsinin 25 görkəmli tibb bacısı silahlı konflikt və ya təbii fəlakət qurbanlarına müstəsna cəsarət və fədakarlığı münasibətilə beynəlxalq “Florens Naytinqeyl” medalı ilə təltif olunub
Sağlamlıq
12 May , 2021 23:49
Arəstə Baxışova beynəlxalq “Florens Naytinqeyl” medalına layiq görülüb
Arəstə Baxışova

Dünyanın 18 ölkəsinin 25 görkəmli tibb bacısı silahlı konflikt və ya təbii fəlakət qurbanlarına müstəsna cəsarət və fədakarlıqları münasibətilə verilən beynəlxalq “Florens Naytinqeyl” medalına layiq görülüb.

“Report” xəbər verir kimi, mükafatla layiq görülənlər arasında Azərbaycanın Vətən müharibəsinin yeganə şəhid qadını Arəstə Baxışova da var.

Qeyd edilir ki, COVID-19 pandemiyasının əvvəlindən 19 tibb bacısı tez-tez mürəkkəb şəraitdə çalışıblar. Onlar müxtəlif səbəblərdən dünyalarını dəyişiblər. “Florens Naytinqeyl” medalının verilməsi üzrə Komissiya Beynəlxalq Tibb Bacıları Günü münasibəti ilə həmin tibb bacılarının xüsusi sədaqətini ayrıca qeyd edib.

Medalı alanlar öz ölkələrinin Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) və ya Beynəlxalq Qırmızı Aypara Cəmiyyətinın yerli qurumları və bu təşkilatların komissiyaları tərəfindən təyin ediliblər.

Qeyd etdiyimiz kimi, Azərbaycandan bu mükafata Vətən müharibəsinin yeganə şəhid qadını, Azərbaycan Silahlı Qüvvələrinin çavuşu və hərbi feldşeri Arəstə Baxışova ölümündən sonra layiq görülüb. Onun hərbi münaqişə və təbii fəlakətlər vəziyyətində Beynəlxalq Qızıl Xaç Komitəsi ilə fəal əməkdaşlıq etməsi vurğulanıb.

Arəstə Baxışova 1989-cu il mayın 4-də Xaçmaz şəhərində anadan olub. 1995-2004-cü illərdə Biləcəri qəsəbəsində yerləşən Şuşa şəhər 3 nömrəli tam orta məktəbdə təhsil alıb. 2004-2008-ci illərdə isə Azərbaycan Dövlət Pedaqoji Kollecində İngilis dili üzrə təhsil alıb.

O, 2018-2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin Baş Hərbi Hospitalında tibbi statist olaraq çalışıb. 2019-cu il iyulun 12-dən isə Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissəsində operator vəzifəsində xidmət edib.

Azərbaycan Ordusunun çavuşu olan hərbi feldşer Arəstə Baxışova 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin, Zəngilanın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə yaralı hərbçilərə döyüş meydanındanca tibbi yardım göstərib. Arəstə Baxışova oktyabrın 23-də Qubadlı döyüşləri zamanı şəhid olub və Biləcəri qəsəbəsinin Şəhidlər Xiyabanında dəfn edilib.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən Arəstə Baxışova ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif olunub.

Xatırladaq ki, mükafata layiq görülənlər arasında Avstraliyadan Bernadett Qlison, Belarusdan Lyudmila Buzel, Elvira Şabanova, Çindən Şouçjen Çen, Minxua Xu, Yali Tuo, Kota-Rikadan Kristofer Lyuis Kalderon Beyli, eləcə də Danimarkadan Yeva Corcunq Nikolson, Finlandiyadan Yorma Yokela və digərləri də var.

Son xəbərlər

Orphus sistemi