Baytarlıq preparatlarından, bioloji preparatlardan və yem əlavələrindən düzgün qaydada istifadə edilmədikdə, lazımından artıq, heyvan xəstəliklərin müalicəsi üçün yox, onun qarşısının alınması, eləcə də heyvanların böyüməsinin təşviqi, qeydiyyata alınmamış, yəni effektivliyi və təhlükəsizliyi təsdiq edilməmiş preparatlardan istifadə edildikdə riskli olur.
"Report” xəbr verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli parlamentdə Aqrar siyasət komitəsinin “Qida təhlükəsizliyi sistemi və onun vahid sağlamlıq konsepsiyasında rolu” mövzusunda keçirdiyi ictimai dinləmədə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, heyvan və insan sağlamlığının qarşılıqlı əlaqəsini nəzərə alaraq yem məhsullarının da təhlükəsizliyi təmin edilməlidir:
"Bir çox baytarlıq preparatları yem və yem əlavələrinin tərkibinə əlavə edilməklə heyvanlara verilir. Baytarlıq preparatları heyvan sağlamlığına birbaşa mənfi təsirlə yanaşı, heyvan mənşəli qida məhsullarında qalıq şəklində toplanmaqla insan sağlamlığına da dolayı yolla risk təşkil edir”.
Q.Təhməzli bildirib ki, antimikrob rezistentlik heyvan və insan sağlamlığına ciddi təhdid olmaqla yanaşı, qlobal səhiyyə problemidir:
“Heyvandarlıqda antibiotiklərin düzgün qaydada istifadə edilməməsi rezistent bakteriyaların yaranmasına səbəb olur. Birbaşa təmas, çirklənmiş qida məhsullarının istehlakı və ya ətraf mühit vasitəsilə bakteriyalar insanlara keçə bilir. Nəticədə insan və heyvanlarda yoluxucu xəstəliklər zamanı müalicənin səmərəliliyi azalır, xəstələnmə və ölüm hallarının sayı, həmçinin iqtisadi yük artır”.