Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, cari il iyulun 1-dən bioloji aktiv qida məhsullarının qeydiyyatı üçün müraciətlərin qəbuluna başlayacaq.
Bu barədə "Report"a AQTA-dan məlumat verilib.
Bildirilib ki, “Qida təhlükəsizliyi haqqında” Qanuna uyğun olaraq aparılacaq prosesdə məqsəd ölkə ərazisində istehsalı, emalı həyata keçirilmədən və (və ya) dövriyyəyə buraxılmadan əvvəl həmin məhsulların həyat və sağlamlığa təsirinin qiymətləndirilməsi, eləcə də təhlükəsizliyinin və minimum keyfiyyətinin, etiketlənmə və qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarla müəyyənləşdirilmiş digər tələblərə uyğunluğunun müəyyən edilməsidir.
Qurumdan məlumat verilib ki, Agentlikdə bu sahədə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin iştirakı ilə görüş keçirilib, onları maraqlandıran suallar cavablandırılıb.
"Diqqətə çatdırılıb ki, “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.1–25.1.6-cı maddələrində nəzərdə tutulan məhsulların qeydiyyatının aparılması, qeydiyyatının dayandırılması, bərpa edilməsi, ləğvi, yenidən rəsmiləşdirilməsi qaydaları və qeydiyyatın qüvvədəolma müddəti” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 13 mart tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilib. Belə ki, Qərarın qüvvəyə minməsi ilə sözügedən məhsulların Agentlik tərəfindən qeydiyyat prosesinə qısa müddət ərzində başlanılması planlaşdırılır. Bu məqsədlə Agentlik tərəfindən media vasitəsilə sahibkarlıq subyektlərinin məlumatlandırılması həyata keçiriləcək" - deyə AQTA-dan bildirilib.
Qeyd edək ki, qeydiyyata alınacaq bioloji aktiv qida məhsulları ilə təbii mineral suların qeydiyyat müddəti 5 il nəzərdə tutulur.