Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli hesdab edir ki, antibiotiklərin nəzarətsiz və qeyri-rasional istifadəsi həm heyvan, həm də insan sağlamlığına çox böyük təsir göstərərək xoşagəlməz nəticələrə səbəb ola bilər.
"Report" xəbər verir ki, o, bu barədə Bakıda keçirilən “Mərkəzi Asiya və Qafqazda balıqçılıq təsərrüfatı və akvakultura sahəsində Regional Komissiya”nın (CACFish) 8-ci Sessiyasında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, balıqçılıq və digər su bioresursları məhsullarının təhlükəsizliyini kompleks şəkildə həll etmək üçün heyvan sağlamlığına xüsusi diqqət yetirilməlidir:
"Azərbaycanda əhalinin keyfiyyətli və təhlükəsiz balıqçılıq və digər su bioresursları məhsullarına tələbatının təmin edilməsi istiqamətində həyata keçirilən genişmiqyaslı tədbirlər, o cümlədən "Azərbaycan Respublikasında akvakulturanın inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı" layihəsində qeyd olunan tədbirlərin keçirilməsi öz müsbət nəticələrini verməyə davam edəcəkdir. Onu da bildirmək istəyirəm ki, balıqçılıq və digər su bioresursları məhsullarının təhlükəsizliyini kompleks şəkildə həll etmək üçün heyvan sağlamlığına xüsusi diqqət yetirilməlidir. Bildiyiniz kimi, antibiotiklərin nəzarətsiz və qeyri-rasional istifadəsi həm heyvan, həm də insan sağlamlığına çox böyük təsir göstərərək xoşagəlməz nəticələrə səbəb ola bilər. Heyvan sağlamlığının təmin olunmasında və heyvan mənşəli qida məhsulları istehsalında antimikrob preparatlardan səmərəsiz və kortəbii istifadə nəticəsində yaranan antimikrob rezistentliyi qida zəncirinin bütün mərhələlərində təzahür etməklə insan sağlamlığının qorunmasında ciddi problemlər yaradır. “Tarladan süfrəyədək” prinsipi əsasında sözügedən məhsul istehsalının bütün mərhələlərində risk səviyyəsinə uyğun olaraq nəzarət həyata keçirilir".