Beynəlxalq ekspert Azərbaycanda su çatışmazlığı ilə bağlı əsas problemləri açıqlayır

Beynəlxalq ekspert Azərbaycanda su çatışmazlığı ilə bağlı əsas problemləri açıqlayır "İqlim dəyişikliyinin təsirləri ilə bağlı proqnozlar onu göstəriri ki, su ehtiyatlarının azalması bundan sonra da davam edəcək"
"Report" studiyası
1231
7 İyul , 2020 15:46
Beynəlxalq ekspert Azərbaycanda su çatışmazlığı ilə bağlı əsas problemləri açıqlayır
Əhməd Əlsəud

“Təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkələrində insanlar quraqlıq və su çatışmazlığından əziyyət çəkir. İqlim dəyişikliyinin təsirləri ilə bağlı proqnozlar onu göstəririr ki, su ehtiyatlarının azalması bundan sonra da davam edəcək. Ölkələr bunun öhdəsindən gəlmək üçün adaptasiya planları hazırlamalıdırlar”.

Bu fikirləri “Report”a müsahibəsində Su resursları və ekoloji idarəetmə sahəsində beynəlxalq mütəxəssis Əhməd Əlsəud su çatışmazlığı ilə bağlı beynəlxalq və regional təsirləri, o cümlədən Azərbaycandakı mövcud durumu qiymətləndirərkən deyib.

O bildirib ki, Azərbaycandakı mövcud su problemləri təkcə kənd təsərrüfatı və suvarma ilə bağlı deyil: “Bu, sudan istifadə edən bütün sahələrə aid edilməlidir. Azərbaycanda su tələbatının çox hissəsi kənd təsərrüfatının payına düşür. Əsas su istehlakçısı sektoru olan kənd təsərrüfatında müasir texnologiyalardan istifadə etməklə, səmərəli su siyasəti yürüdülməli, itkilər aradan qaldırılmalıdır”.

Beynəlxalq ekspert həmçinin su ehtiyatlarının azalmasının müvəqqəti və ya uzun illər davam edəcəyi ilə bağlı məsələyə də aydınlıq gətirərkən qeyd edib ki, bu barədə nəsə demək çətindir: “Quraqlığın davam edəcəyini nəzərə almalı və buna qarşı tədbirləri həyata keçirməyə bu andan başlamalısınız. Hər damla suyun faydasını dəyərləndirərək bütün sahələrdə su itkisini azaltmalıyıq”.

Problemdən çıxış yolu olaraq təkliflərini səsləndirən Əhməd Əlsəud əlavə edib ki, quraqlığın qarşısının alınmasının məsuliyyəti hamının üzərindədir: “Hökumətin rolu bütün sektorlarda su itkisini azaltmaq, bələdiyyə şəbəkəsində, həmçinin suvarma kanallarında suyun paylanmasını yaxşılaşdırmaq üçün planlar hazırlamaq və investisiya layihələri həyata keçirməkdir. Hökumət həmçinin müasir suvarma, sudan təkrar istifadə və digər suya qənaət edən ağıllı texnologiyaların istifadəsini təşviq etməlidir. Suyun səmərəli istifadəsi üçün iqtisadi stimullar barədə düşünməyə başlamalıyıq ki, müasir suvarma sistemləri quraşdıran fermerlərə subsidiya verə bilək. Cəmiyyətin digər üzvlərinə gəldikdə, gündəlik fəaliyyətimizdə suyun rasional istifadəsi ilə quraqlıqdan çıxış yolu üçün bir məsuliyyətimiz var. Zəhmət olmasa, kranı açıq qoymayın. Evdə bir sızma varsa, mümkün qədər tez bir zamanda aradan qaldırın. Küçələrdə sızma olduğunu görsəniz, bildirin. Hər damcı suyun vacib olduğunu bilməliyik”.