​Yerevanda aksiyada tutulan 237 nəfər xuliqanlıqda ittiham olunur

​Yerevanda aksiyada tutulan 237 nəfər xuliqanlıqda ittiham olunur Polisin döydüyü 40 yaşlı aksiya iştirakçısı yaddaşını itirib
Region
23 İyun , 2015 14:43
​Yerevanda aksiyada tutulan 237 nəfər xuliqanlıqda ittiham olunur

Bakı. 23 iyun. REPORT.AZ/ Bu gün səhər saatlarında Yerevanda aksiyanın dağıdılması zamanı həbs olunan şəxslərə qarşı Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayət işi açılıb.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu Ermənistan Milli Konqresi fraksiyasından deputat Nikol Paşınyan bildirib.

O, saxlanılan 237 aksiya iştirakçısının xuliqanlıqda ittiham olunduğunu söyləyib.

Həbs olunan Müasir İncəsənət İnstitutunun kuratoru Taqui Torosyan telefonla bildirib ki, onu döyüb, paltarını cırıblar. O deyib ki, hazırda  polis bölməsindədir və xuliqanlıqda ittiham olunur, istintaq aparılır.

Polisin döydüyü 40 yaşlı aksiya iştirakçısı yaddaşını itirib. "Armeniya" tibbi mərkəzində ona baş-beyin travması diaqnozu qoyulub. "O, adını və harada olduğunu bilmir", - "hetg.am" saytının jurnalisti Ani Ovanesyan deyib.

Müasir İncəsənət İnstitutunun direktoru Nazaret Karoyan isə aldığı zədələrə görə, "Maarifçi Qriqori" xəstəxanasına yerləşdirilib. O deyib ki, reanimasiya şöbəsində daha iki etirazçı var.

Ölkədə ikinci böyük şəhər sayılan Gümrüdə keçirilən aksiyanin dağıdılmasında polis zorakılıq edib və 10 etirazçını tutub.

Məlumatda bildirilib ki, polis jurnalistləri küçə söyüşləri ilə təhqir edib. "Lragir.am" saytının müxbiri Temine Yenokyan təhqirə məruz qalanlardandır. Yerevan polis rəisinin müavini Karen Movsisyan isə əməkdaşının bu hərəkətinə reaksiya verməyib.

Xəbərə görə, bu gün saat 18.00-da Yerevanda "Azadlıq" meydanında etiraz aksiyası keçiriləcək. Polis səhər saatlarından meydanı mühasirəyə alıb və ora daxil olmaq qadağan edilib.

Qeyd edək ki, iyunun 19-dan Ermənistanda elektrik enerjisinin bahalaşmasına qarşı etiraz aksiyası keçirilir. 

Son xəbərlər

Orphus sistemi