​Xamenei "altılıq" ölkələri ilə İran arasında imzalanan razılaşmanı təsdiqləyib

​Xamenei "altılıq" ölkələri ilə İran arasında imzalanan razılaşmanı təsdiqləyib Ali rəhbər ayətullah Seyid Əli Xamenei prezident Həsən Ruhaniyə məktub ünvanlayıb
Region
21 Oktyabr , 2015 17:24
​Xamenei altılıq ölkələri ilə İran arasında imzalanan razılaşmanı təsdiqləyib

Bakı. 21 oktyabr. REPORT.AZ/ İranın ali rəhbəri ayətullah Seyid Əli Xamenei atom proqramı üzrə Tehranla "altılıq" (ABŞ, Almaniya, Britaniya, Fransa, Rusiya və Çin) arasında qəbul edilən "Birgə Kompleks Fəaliyyət Planı"nı təsdiqləyərək, həyata keçirilməsi ilə bağlı ölkə prezidenti Həsən Ruhaniyə məktub ünvanlayıb.

"Report" xəbər verir ki, bu haqda İRNA məlumat yayıb.

Qeyd edək ki, Avropa İttifaqı (Aİ) oktyabrın 18-də İrana qarşı qadağaların ləğv olunması üçün qanunvericilik bazası qəbul edib.

Bu barədə Aİ-nin xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini və İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin Brüsseldə yayılan birgə bəyanatında bildirilib: "Bu gün İranın nüvə proqramı üzrə "Birgə Kompleks Fəaliyyət Planı"nın (BHFP) qəbulu günüdür. Avropa İttifaqı bu gün nüvə proqramı ilə bağlı olan bütün iqtisadi və maliyyə sanksiyalarının ləğvi üçün qanunvericilik bazası qəbul edib".

Sənəddə bildirilib ki, İran indi tam və səmərəli başa çatdırmaq niyyəti ilə öz öhdəliklərini yerinə yetirməyə başlayır, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik isə bu addımların monitorinqi və yoxlanılması üçün lazımi işlər görəcək.

"Bütün tərəflər BHFP-nın reallaşdırılmasına mümkün qədər tez başlamaqda əvvəlki kimi qətiyyətlidir. Biz bu məqsədlə bütün zəruri hazırlıqları görəcəyik", - Mogerini və Zərifin birgə bəyanatında vurğulanıb.

İranda bütün qanunlar və beynəlxalq müqavilələr Seyid Əli Xamenei təsdiqlədikdən sonra qüvvəyə minir.

Xatırladaq ki, bu ilin iyulunda İranla "altılıq" arasında əldə edilən razılaşmaya əsasən, İslam Respublikası nüvə proqramı ilə fəaliyyətində geri çəkilir, bunun qarşılığında isə onlara beynəlxalq sanksiyaların ləğvi vəd edilib.

Son xəbərlər

Orphus sistemi