​Türkmənistan prezidenti İranda səfərdədir

​Türkmənistan prezidenti İranda səfərdədir İranla Türkmənistan iqtisadi-ticarət sahəsində əməkdaşlığı qarşıdan gələn 10 ildə 60 milyard dollaradək çatdırmaq niyyətindədirlər
Region
23 Noyabr , 2015 10:32
​Türkmənistan prezidenti İranda səfərdədir

Bakı. 23 noyabr. REPORT.AZ/ Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov Tehranda səfərdədir. 

"Report" İran KİV-inə istinadən xəbər verir ki, səfərdə məqsəd Təbii Qaz İxrac edən Ölkələrin Forumunda iştirak etməkdir. 

Məlumata görə, Türkmənistanın dövlət başçısı İranın ali rəhbəri ayətullah Seyid ƏIi Xaməneyi və ölkə prezidenti Həsən Ruhani ilə görüşüb.

Xəbərdə bildirilib ki, Türkmənistan prezidentinin Tehrana səfəri zamanı iki ölkə arasında dəniz nəqliyyatı, dəmiryol inşası, səhiyyə, rabitə, Mərv-Sərəxs elektrik enerjisi nəqli xətti, idman, Aşqabad-Türkmənabad avtomobil yolunun tikintisi, tele-radio sahəsində əməkdaşlığa dair 8 müqavilə imzalanıb.

İran prezidenti türkmənistanlı həmkarı ilə birlikdə keçirdiyi mətbuat konfransında Xəzərin statusundan, bu su hövzəsində təbii qaz yataqlarının kəşf edilməsi ilə bağlı birgə əməkdaşlıq edəcəklərindən danışıb.

H.Ruhani deyib ki, iki ölkə arasında iqtisadi-ticarət sahəsində əməkdaşlığı qarşıdan gələn 10 ildə 60 milyard dollaradək çatdırmaq niyyətindədirlər.

Qeyd edək ki, Tehranda Təbii Qaz İxrac edən Ölkələrin Forumu keçirilir. Qurumun əsas üzvləri sırasına Boliviya, Venesuela, Birləşmiş Ərəb Əmirliyi, Əlcəzair, Misir, Ekvatorial Qvineya, Liviya, Nigeriya, Trindad və Tobaqo, Qətər, İran və Rusiya daxildir.

Hollandiya, Norveç, İraq, Oman və Peru isə forumun müşahidəçi üzvləridir. 

Son xəbərlər

Orphus sistemi