Yuxarı
    Bağlamaq

    Türkiyədə mətbəxdə istifadə olunan qaz balonlarının xüsusi qeydiyyatı aparılacaq

    Buna səbəb həmin balonların terrorçular tərəfindən partlayıcı qurğuların hazırlanmasında istifadə edilməsidir

    Bakı. 10 iyun. REPORT.AZ/ Türkiyədə mətbəxdə istifadə olunan kiçik qaz balonlarının alqı-satqısı nəzarətə götürülüb.

    “Report” “Anadolu”ya istinadən xəbər verir ki, bununla bağlı Türkiyənin baş naziri Binəli Yıldırım təlimat verib.

    Buna səbəb həmin balonların terrorçular tərəfindən partlayıcı qurğuların hazırlanmasında istifadə edilməsidir.

    Təlimata əsasən, həmin qaz balonlarının mağazalara paylanmasından tutmuş alqı-satqısınadək bütün proses nəzarət altında saxlanacaq. Bu məqsədlə qaz balonlarının üzərinə seriya nömrəsi və kod yazılması, doldurulmasından tutmuş yekun istehlaka qədər bütün prosesin internetdən izlənilməsi, həmin avadanlığı satın almış son istehlakçının şəxsiyyəti haqqında məlumatların əldə edilməsi kimi tədbirlər həyata keçiriləcək.

    Qeyd edək ki, B.Yıldırımın rəhbərliyi altında iyunun 8-9-da terrorizmlə mübarizə məqsədilə bütün qurumların iştirakı ilə iclas keçirilib. Toplantıda terrorçuların partlayıcı qurğuların hazırlanmasında istifadə etdikləri materialların ciddi müşahidə və nəzarət altında olması haqqında qərar qəbul edilib. Bundan əvvəl iyunun 8-dən etibarən “nitrat” tərkibli gübrələrin satışı dayandırılıb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi