Bakı. 25 fevral. REPORT.AZ/ Türkiyədə iki hərbi təyyarənin qəzaya uğraması nəticəsində dörd pilot həlak olub.
"Report" xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Efkan Ala məlumat verib.
"Dörd hərbçimiz həlak olub. Hələ ki, qəzanın dəqiq səbəbini deyə bilmərik, lakin tezliklə məlumat gözləyirik",- deyə o bildirib.
Məlumata görə, F-4 tipli iki hərbi təyyarə fevralın 24-də, Bakı vaxtı ilə saat 22:30-da Türkiyənin Malatya bölgəsində təlim uçuşu zamanı qəzaya uğrayıb.
İlkin məlumatlara görə, təyyarələr, çox güman ki, səmada toqquşub. Həmçinin pis hava şəraitinin təyyarələrin uçuşuna təsiri də yoxlanılır. Təbii Fəlakət və Qəza Departamentinin nümayəndələri təyyarələrin qalıqlarını artıq aşkar ediblər.
Hadisə şahidlərinin sözlərinə görə, səmada güclü partlayış olub.
Hazırda araşdırma aparılır.