Türkiyə mətbuatı AKP ilə CHP-nin razılığa gələ bilmədiyi yeddi maddəni açıqlayıb

Türkiyə mətbuatı AKP ilə CHP-nin razılığa gələ bilmədiyi yeddi maddəni açıqlayıb Əbdülqadir Selvi: "Seçki kampaniyasında hökumətin qurulmamasının səbəbləri kimi bu iki maddə göstəriləcək"
Region
11 Avqust , 2015 14:39
Türkiyə mətbuatı AKP ilə CHP-nin razılığa gələ bilmədiyi yeddi maddəni açıqlayıb

Bakı. 11 avqust . REPORT.AZ/ Türkiyə Böyük Millət Məclisində deputatlarının sayına görə birinci yerdə olan Ədalət və İnkişaf Partiyası (AKP) ilə ikinci sırada qərarlaşan Cümhuriyyət Xalq Partiyasının koalisiya hökuməti qurması üçün hazırlanan 10 maddədən ibarət sənədin 7 maddəsində razılıq əldə edilməyib.

"Report" xəbər verir ki, bunu avqustun 10-da AKP sədri Əhməd Davudoğlu ilə CHP lideri Kamal Kılıçdaroğlu arasında keçirilən görüşdən sonra "Yeni Şəfəq" qəzetinin yazarı, AKP yönlü Əbdülqadir Selvi yazıb.

O, iki partiya liderlərinin anlaşa bilmədikləri 7 maddəni belə sıralayıb:

1. Hökumətin xarakteri - CHP hökumətin yenidən qurulmasını istəyir, AKP isə hökumətdə islahat aparılmasını təklif edir. 

2. Hökumətin fəaliyyət müddəti - CHP hökumətin 4 illik müddətə qurulmasını, AKP isə hökumətin fəaliyyəti üçün "bir tərəfin açıq olmasını" istəyir.

3. Milli iradəyə yanaşma - AKP dövlət siyasətində üstünlüyün milli, CHP isə dövlətin iradəsinə verilməsini istəyir.

4. Xarici siyasət - CHP dünyəvi xarici siyasət yürüdülməsini müdafiə etdiyi halda, AKP bu məsələdə milli iradəyə üstünlük verir.

5. Prezident seçkisi - prezidentin vəzifələri deyil, onun seçilməsi sistemində fikir ayrılığı var. CHP prezidentin əvvəlki kimi Türkiyə Böyük Millət Məclisində seçilməsini müdafiə edir.

6.Təhsil - bu il fevralın 26-dan məktəblərdə başlayan Qurani-Kərim və Məhəmməd peyğəmbərin həyatının tədrisindən, 4+4+4 fasiləsiz təhsildən əl çəkmək niyyətində deyil. CHP isə seçki bəyannaməsində 1+8+4 formullu təhsil sistemini müdafiə etdiyini bildirib.

7. CHP "Din mədəniyyəti" və "Əxlaq" dərslərinin fakültativ olmasını istəyir, AKP isə "Din mədəniyyəti " və "Əxlaq" dərslərinin dini deyil, mədəniyyət dərsi olduğunu bildirir və ona görə də bu fənnin məcbur tədris olunmasını müdafiə edir.

Əbdülqadir Selvi təhsil sistemi və məcburi dini tədrisə diqqəti çəkərək, yazıb: "Bu koalisiya qurulmayacaq. Seçki kampaniyasında (növbədənkənar seçkini nəzərdə tutur - "Report") isə hökumətin qurulmamasının səbəbləri kimi bu iki maddə göstəriləcək".

O bildirib ki, iqtisadi, kürd probleminin həlli prosesi, konstitusiya islahatları mövzularında tərəflərin elə də ciddi fikir ayrılığı olmayıb.

Qeyd edək ki, AKP və CHP liderləri arasında koalisiya hökumətinin qurulması ilə bağlı növbəti görüş avqustun 14-də keçiriləcək.

Xatırladaq ki, avqustun 23-dək koalisiya hökuməti qurulmazsa, o zaman növbədənkənar parlament seçkiləri keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi