Yuxarı

Tbilisidə ölkə hakimiyyətinin "Qazprom"la danışıqlar aparmasına qarşı etiraz aksiyası keçirilib

Gürcüstan paytaxtının mərkəzindəki Azadlıq meydanına əllərində Qazproma yox yazılmış pankart olan yüzlərlə adam toplaşıb

Bakı. 27 Fevral. REPORT.AZ/ Müxalifətdə olan "Vahid Milli Hərəkat"ı dəstəkləyən "Azad zona" təşkilatının nümayəndələri bu gün Tbilisidə ölkə hakimiyyətinin "Qazprom"la Rusiya qazının tədarükünün həcminin artırılmasıyla bağlı danışıqlar aparmasına qarşı etiraz aksiyası keçirib.

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, Gürcüstan paytaxtının mərkəzindəki Azadlıq meydanına toplaşan yüzlərlə adam üzərinə "Qazproma yox", "Çıx get, Bedzina!" yazılmış pankartlar nümayiş etdirib. Aksiya iştirakçıları Rusiya şirkətinə lobbiçilik etdiyini düşündükləri Gürcüstanın keçmiş baş naziri Bidzina İvanişvilinin yaşadığı yerə qədər yürüş edib.

Nümayişçilərin iddialarına görə, qaz tədarükü Gürcüstanın Rusiyadan siyasi asılı olacağı anlamına gəlir, bu isə yolverilməzdir.

"Qazprom" Rusiya hakimiyyətinin əlində siyasi silahdır. Biz hamımız 2006-cı ilin qış günlərini xatırlayırıq. O zaman "Qazprom" bizi işığa və istiliyə həsrət qoydu. Bu hal hər an təkrarlana bilər", - deyə aksiya iştirakçılarından biri jurnalistlərə açıqlamasında deyib.

Gürcüstan hakimiyyəti isə son illər ərzində ölkədə artan təbii qaz tələbatını ödəmək üçün əlavə mənbələrə ehtiyac yarandığını bildirir. Bununla əlaqədar olaraq, Gürcüstan Energetika Nazirliyi həm "Qazprom", həm də Azərbaycan və İranla danışıqlar aparır.

Hazırda Gürcüstanın əsas qaz tədarükçüsü Azərbaycandır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi