Bakı. 24 noyabr. REPORT.AZ/ “Fırat Kalkanı” (“Fərat qalxanı” ) əməliyyatının davam etdiyi Suriyanın Əl-Bab bölgəsində Türkiyə hərbçilərinə edilən hücum nəticəsində 3 əsgər şəhid olub, 7-si yaralanıb.
“Report” "CNNTürk"ə istinadən xəbər verir ki, yaralı hərbçilər Türkiyənin Qaziantep və Kilisdəki xəstəxanalara yerləşdirilib.
Məlumata görə, Türkiyə hərbçilərinə hücumu terrorçu İŞİD qruplaşması törədib.
Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı Əl-Babda türk hərbçilərinə edilən hücumla bağlı açıqlama yayıb. Baş Qərargahdan bildirilib ki, Suriyadakı Bəşşar Əsəd rejiminə bağlı silahlılar Türkiyə hərbiçilərinə hücum edib.
“Suriyada rejim güclərinin hava hücumu nəticəsində 3 qəhrəman əsgərimiz şəhid olub, birinin vəziyyəti ağır olmaqla 10 hərbçimiz yaralanıb”, - deyə açıqlamada vurğulanıb.
Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri 93 gündür Suriya ərazisində “Fırat kalkanı” adı altında antiterror əməliyyatı keçirir.