Yuxarı
    Bağlamaq

    “Rustavi azot" zavodunun işçiləri Tbilisinin mərkəzində aksiya keçiriblər

    Nəticədə nəqliyyatın hərəkəti qısa müddətə dayanıb və uzunluğu bir kilometrə çatan tıxac yaranıb

    Tbilisi. 7 fevral. REPORT.AZ/ “Rustavi azot" zavodunun kütləvi şəkildə işdən azad olunmuş işçiləri fevralın 7-də Tbilisinin mərkəzi “Qızıl gül” meydanında etiraz aksiyası keçiriblər.

    “Report”un Gürcüstan bürosu xəbər verir ki, “Qızıl gül” meydanında toplaşmmış fəhlələr sonra “Azadlıq meydanı”na qədər yürüş ediblər. Rustaveli prospekti boyunca keçirilən yürüşün iştirakçıları “Fəhlə həmrəyliyi”, “Biz həmrəyik”, “Azadlıq” şüarları səsləndiriblər. Nümayişçilər bir neçə dəfə prospektdə yolu bağlamağa cəhd göstəriblər. Nəticədə nəqliyyatın hərəkəti qısa müddətə dayanıb və uzunluğu bir kilometrə çatan tıxac yaranıb. Polisin müdaxiləsindən sonra aksiya iştirakçıları yolu açıblar və nümayişçilərdən 4-ü saxlanılıb.

    Yürüş-mitinq “Azadlıq meydanı”nda - “Rustavi azot” zavodunun yeni investoru olan “Gürcüstan bankı”nın qarşısında davam edib. Burada nümayişçilər zavodda ixtisara düşmüş fəhlələrin yenidən işə bərpa olunmasını, əmək haqlarının artırılmasını, işsizlərə kompensasiyaların verilməsini tələb ediblər.

    Aksiya iştirakçısı, hazırda zavodda işləyən Giorgi Abjandadze “Report”un Gürcüstan bürosuna müsahibəsində deyib: “Yeni investorumuz “Gürcüstan bankı” bu günlərdə 350 nəfəri ixtisar edib. Daha minə yaxın fəhlənin ixtisarı gözlənilir. Fəhlələrin bundan əvvəlki etiraz aksiyasından sonra zavod rəhbərliyi ixtisara düşmüş və ixtisar olunacaq fəhlələrə üç ay müddətinə 1500 GEL (hər bir ay üçün 500 GEL) əmək haqqı ödənilməsi barədə qərar qəbul edib. Bu, onsuz da acınacaqlı vəziyyətdə olan fəhlələri qane etmir. İxtisara düşmüş insanların çoxunun banklara kredit borcu var. Əgər onlar işlə təmin olunmasalar, daha acınacaqlı vəziyyətə düşəcəklər.

    Digər iştirakçı, ixtisara düşmüş Roman Mervizvişli isə deyib ki, bu gün bəzi qüvvələr gürcü xalqını məhv etmək istəyirlər: "İşçilərin ixtisarı, əmək haqlarının azaldılması, ərzaq və digər gündəlik tələbat mallarının artması bu dediklərimin sübutudur. Biz bunu başa düşürük və haqlı olduğumuzu nümayiş etdiririk".

    Zavoddda 15 ildən çoxdur çalışdığını bildirən digər iştirakçı Mariam Suduqadze isə vurğulayıb ki, etiraz aksiyaları on günə yaxındır davam edir: "Lakin hökumət hələ də məsələyə münasibət bildirməyib. Çalışırıq ki, pozulmuş hüquqlarımız bərpa olunsun, ixtisarlara son qoyulsun, ixtisar olunanlar işlərinə bərpa edilsinlər".

    Aksiya iştirakçıları əllərində məşəl yandırıblar və ətrafa tüstü veriblər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi