Rusiyada qızıl mədəninin keçmiş fəhlələri aclıq aksiyası keçirir

Rusiyada qızıl mədəninin keçmiş fəhlələri aclıq aksiyası keçirir Prokurorluq şaxtadakı vəziyyətlə bağlı məhkəməyə 216 şikayət işi göndərib
Region
18 Sentyabr , 2017 15:00
Rusiyada qızıl mədəninin keçmiş fəhlələri aclıq aksiyası keçirir

Bakı. 18 sentyabr. REPORT.AZ/ Rusiyanın Zabaykal diyarının Darasun mədəninin keçmiş fəhlələri sentyabırın 18-dən aclıq elan ediblər.

“Report” xəbər verir ki, bunu Tunqokoçen rayonunun başçısı Maxmed İzmayılov TASS-a bildirib.

“Aclığı müəssisənin keçmiş 19 fəhləsi elan edib. Onlar Verşino-Darasun qəsəbəsi administrasiyasının akt zalındadırlar. Onlar ödənilməyən əmək haqlarının hamısının verilməsini tələb edirlər”, - rayon başçısı vurğulayıb.

Onun sözlərinə görə, aclıq elan edənlərin bəziləri məsələ ilə bağlı əvvəllər məhkəməyə müraciət ediblər: “Ancaq məhkəmə onların şikayətini təmin etməyib. Yaranmış vəziyyətlə bağlı bölgədəki hakimiyyət orqanları və prokurorluq məlumatlandırılıb”.

Qeyd edək ki, 2017-ci il mayın 17-də Verşino-Darasun qəsəbəsində yerləşən “Cənubi-Qərb” qızıl mədənində işləyən 81 fəhlə əmək haqlarının gecikdirilməsinə və azaldılmasına etiraz olaraq şaxtadan çıxmaqdan imtina etmişdi. Ertəsi gün diyarın qubernatoru Natalya Jdanova ilə danışıqlar nəticəsində fəhlələr etiraz aksiyasını dayandırıblar.

Məlumata görə, sahibkarlar isə mayda mədənin fəaliyyətini dayandırdıqlarını bildirmişdilər. Yerli hakimiyyət isə şaxtanın fəaliyyətinin bərpasına çalışacaqlarını bildirmişdi. Zabaykal diyar hökuməti hesab edir ki, payızda şaxtanın fəaliyyəti bərpa olunacaq. Onun potensial sahibi isə “Uryumkan” şirkəti ola bilər.

Cari il iyulunda yerli barışıq məhkəməsi mədənin keçmiş baş direktoru Yuri Busıqını “Əmək haqqında qanun"u pozduğundan bir il müddətinə tutduğu vəzifədən azad etmişdi.

Bundan başqa, prokurorluq şaxtadakı vəziyyətlə bağlı məhkəməyə 216 şikayət işi göndərmiş, 281 fəhləyə 13 milyon rubl (383 min 500 manat, yaxud 225 min 500 dollar) ödənilməsini tələb etmişdi. 

Son xəbərlər

Orphus sistemi