Yuxarı

​Qüdsün müdafiəsi üçün beynəlxalq kampaniya başlayıb

Bənzər tədbirlər Fateh və Eyyub məscidlərində də həyata keçirilib

Bakı. 15 noyabr. REPORT.AZ/ İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Gənclər Forumu müsəlmanların müqəddəs məkanı olan Əl-əqsa məscidinə girişdə İsrail tərəfindən yaş məhdudiyyəti qoyulmasına etiraz olaraq beynəlxalq kampaniyaya start verib.

“Report”un xəbərinə görə, bu barədə təşkilatın yaydığı məlumatda bildirilib.

“50 yaşa qədər bir fələstinliyəm” (I am Palestinian under 50) adlı kampaniyanın əsas məqsədi İsrailin 1,5 milyard müsəlman tərəfindən müqəddəs sayılan bir məkanla bağlı bu qadağasının bölgədə və dünyada mədəniyyətlərarası qarşıdurmaya səbəb olmasının qarşısını almaq, Qüdsün 1400 illik müsəlman kimliyinin tamamilə yox edilməsi təşəbbüsünə etiraz etməkdir.

İslam Konfransı Gənclər Forumunun kabinet rəhbəri Elməddin Mehdiyev kampaniyanın sosial şəbəkələrin köməyi ilə İndoneziyadan İordaniyaya qədər təşkilata üzv 45 ölkədə paralel şəkildə həyata keçiriləcəyini və sözügedən böhran həll edilənə qədər davam etdirilməsinin nəzərdə tutulduğunu bildirib.

Kampaniya çərçivəsində İstanbuldakı Sultan Əhməd meydanında böyük aksiya təşkil edilib, yerli əhaliyə və turistlərə məlumat məqsədi ilə hazırlanmış broşüralar paylanıb. Bənzər tədbirlər şəhərin ən böyük məscidlərindən hesab edilən Fateh və Eyyub məscidlərində də həyata keçirilib.

Xatırladaq ki, bir müddət əvvəl İsrail dövləti təhlükəsizlik tədbirləri adı altında Əl-əqsa məscidinə girişdə 50, daha sonra 45 yaş məhdudiyyəti qoyub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi