Yuxarı

Qazaxıstan maye qazın qiymətini iki dəfədən çox qaldırıb

Bu dəyişiklik maye qazın Qazaxıstandan ixracındakı artımla bağlıdır

Bakı. 27 iyul. REPORT.AZ/ Qazaxıstan maye qazın qiymətini iki dəfədən çox qaldırıb.

"Report" Qazaxıstan Energetika Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, mayeləşdirilmiş neft qazının topdansatış qiymətlərindəki bu dəyişiklik maye qazın adıçəkilən ölkədən ixracındakı artımla bağlıdır.

"Son zamanlar mayeləşdirilmiş neft qazının daxili bazarında heç də birmənalı olmayan vəziyyət formalaşıb. Qazaxıstanın bəzi regionlarında bu yanacaq növü üzrə qıtlıq müşahidə olunur. Müəyyən edilib ki, qonşu ölkələrdə maye qazın qiymətinin daha yüksək olması səbəbilə yanacağın həmin bazarlara axını müşahidə olunur. Belə ki, təchizatçılara daha çox qazanacağı bazarlar sərf edir", - ölkənin Energetika Nazirliyinin məlumatında deyilir.

Məlumatda bildirilir ki, ölkənin mayeləşdirilmiş neft qazı bazarında sabit təchizatı təmin etmək məqsədilə onun topdansatış qiyməti 11033 təngədən (32 ABŞ dolları) 23106 təngəyə (67 ABŞ dolları) qaldırılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi