İranda zəlzələ nəticəsində 2 nəfər ölüb, 11 nəfər yaralanıb - VİDEO - YENİLƏNİB-3

İranda zəlzələ nəticəsində 2 nəfər ölüb, 11 nəfər yaralanıb - VİDEO - YENİLƏNİB-3 Ölü və yaralı sayının artacağı istisna edilmir
Region
5 Aprel , 2017 13:18
İranda zəlzələ nəticəsində 2 nəfər ölüb, 11 nəfər yaralanıb - VİDEO - YENİLƏNİB-3

Bakı. 5 aprel. REPORT.AZ/ İranın Xorasan-Rəzəvi əyalətində baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 2 nəfərə, yaralananların sayı isə 11-ə çatıb.  

"Report" İran KİV-inə istinadən xəbər verir ki, ölü və yaralı sayının artacağı istisna edilmir.

Məlumata görə, Məşhəd şəhərinə bağlı kəndlərin bəzilərinin 80 faizi, Sərəxs rayonunun Kələtə Mənar, Kələtə Hacı Kar, Xarəzar və Çaharməzar kəndlərinin ya bir hissəsi, ya da hamısı dağılıb.

İran Qızıl Aypara Cəmiyyətinin Xorasan Rəzəvi üzrə nümayəndəsi Müctəba Əhmədi bildirib ki, Sefidsəng, Sərəxs, Türbətcam, Fəriman və Məşhədə xilasedici dəstələr göndərilib.

*** 12:47

Xorasan-Rəzəvi əyalətinin mərkəzi Məşhəd şəhəri də daxil olmaqla beş şəhərdə orta və ali təhsil müəssisələri bağlanıb.

“Report” İran KİV-inə istinadən xəbər verir ki, bunu Xorasan-Rəzəvi əyaləti icra başçısının müavini Məhəmməd Məqdəvəri bildirib.

Məlumata görə, təbii fəlakətlə əlaqədar Məşhəddə böhran mərkəzi yaradılıb.

Xəbərdə bildirilib ki, zəlzələ baş verən bölgələrdə kommunikasiya xətləri sıradan çıxıb.

*** 12:20

İranın Xorasan-Rəzəvi əyalətinin Sefidsəng (“Ağdaş”) bölgəsində baş verən zəlzələ nəticəsində 1 nəfər ölüb, 4 nəfər yaralanıb.

“Report” İran KİV-inə istinadən xəbər verir ki, İranın Qızıl Aypara Cəmiyyəti Cənubi, Şimali və Xorasan-Rəzəvi əyalətlərindəki bütün xəstəxanalarda hadisə ilə bağlı hazırlıq işləri görülüb. 

Məlumata görə, təbii fəlakət nəticəsində 4 kənddə dağıntı olub. 

*** 10:40

İranın Məşhəd şəhərində 6,1 bal gücündə zəlzələ olub.

“Report” “Haber7”yə istinadən xəbər verir ki, məlumatı ABŞ-ın Geoloji Araşdıma Mərkəzi yayıb.

İnformasiyaya əsasən, yeraltı təkanlar 33 km dərinlikdə meydana gəlib. Məlumata görə, zəlzələ ölkənin Məşhəd şəhərindən 76 km qərbdə baş verib.

İran KİV-i isə ölkənin Cənubi Xorasan əyalətinin Şuşef şəhərində isə 11 dəfə zəlzələ baş verdiyi barədə məlumat yayıb. İlk yeraltı təkanın 4,7 bal gücündə olduğu bildirilib. Məlumata əsasən, ölkənin Urmiya əyalətinin Xoy şəhərində isə 3,4 bal gücündə zəlzələ qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi