Bakı. 16 mart. REPORT.AZ/ Gürcüstanın Telavi rayonunun Karacala kəndində 3 nəfər yaşlı kişini döyərək onu qarət ediblər.
“Report” “Rustavi2” teleklanalına istinadən xəbər verir ki, maskalılar təqaüdçünün yaşadığı evə girərək 440 lari (176 dollardan çox) məbləğində pulu və ov tüfəngini oğurlayıblar.
“Onlar təxminən gecə saat 3 radələrində evə soxulublar. Həmin evdə təqaüdçü və sağlamlıq imkanları məhdud olan tənha kişi yaşayır. Onu döyüblər. Onların üçü də maskalı olublar”, - deyə kənd sakini Qurban Aslanov jurnalistlərə bildirib.
Məlumata görə, polis qarətdə şübhəli bilinən üç nəfəri tutub. Onlar qarətdə ittiham edilirlər. Əgər təqsirləri sübut olunsa, o zaman onlar 5-7 il müddətinə azadlıqdan məhrum ediləcəklər.
Qeyd edək ki, həmin kənd sakinlərinin çoxu azərbaycanlıdır.