Yuxarı

Tbilisidə etiraz aksiyası zamanı 52 nəfər xəsarət alıb - YENİLƏNİB-9

Gürcüstanda parlament sədrinin istefası tələb olunur

Tbilisidə parlament binası qarşısında etirazçılar və polis arasında baş verən qarşıdurma və gözyaşardıcı qazdan istifadə olunması nəticəsində 52 nəfər xəsarət alıb.

“Report”un yerli bürosu xəbər verir ki, onların 14-ü iştirakçı, 38-i isə polis əməkdaşıdır.

Bu ərəfədə aksiya iştirakçılarına qarşı ikinci dəfə gözyaşardıcı qaz tətbiq olunub. Etirazçılara qarşı rezin güllələrdən də istifadə edildiyi barədə məlumatlar yayılıb. Lakin bu məlumatlar rəsmi olaraq hələ təsdiq edilməyib.


***00:22

Tbilisidə etirazçılara qarşı gözyaşardıcı qaz tətbiq olunur.

“Report”un yerli bürosu xəbər verir ki, qazın böyük həcmdə buraxıldığı bildirilir.

Askiya iştirakçıları parlament qarşısından uzaqlaşmağa başlayıblar.


***23:57/20 İyun

Tbilisidə davam edən etiraz aksiyasında polis və iştirakçılar arasında baş verən fikizi qarşıdurma nəticəsində bir neçə şəxs xəsarət alıb.

“Report”un yerli bürosu xəbər verir ki, parlament yaxınlığına təcili tibbi yardım maşınları cəlb olunub.

Xəsarət alanların ikisinin polis əməkdaşı olduğu bildirilir.

Xüsusi təyinatlılar parlament binasına daxil olmağa cəhd edən etirazçılara qarşı dəyənəklərdən istifadə etməyə başlayıblar.

Qarşıdurma zamanı xəsarət alanların dəqiq sayı hələ məlum deyil.


***23:27

Gürcüstanın baş naziri Mamuka Baxtadze parlament binasına gəlib.

“Report”un yerli bürosu xəbər verir ki, hökumət başçısı ilə yanaşı daxili işlər naziri Giorgi Qaxaria və Xüsusi Dövlət Mühafizə Xidmətinin rəhbəri Anzor Çubinidze də qanunverici orqandadırlar.

M.Baxtadzenin yaranmış vəziyyətlə bağlı bəyanat verib-verməyəcəyi hələ məlum deyil.

Parlamentin qarşısında davam edən etiraz aksiyasında vəziyyət gərgin olaraq qalır.


***22:50

Tbilisidə etiraz aksiyasında iştirakçılar və polis arasında fiziki qarşıdurma yaşanır.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, polis dəmir hasarları qıraraq parlament binasına daxil olmağa cəhd edən etirazçıların qarşısını alır.

Qarşıdurma nəticəsində hər iki tərəfdə xəsarət alanların olduğu bildirilir.


***22:26

Gürcüstanın daxili işlər naziri Giorgi Qaxaria etiraz aksiyasının keçirildiyi parlamentin qarşısına gəlib.

“Report”un yerli bürosu xəbər verir ki, nazir etirazçıları polisin tələblərinə əməl etməyə çağırıb.

G.Qaxaria bildirib ki, qanunverici orqanın qarşısında baş verənlər dövlət qurumlarına hücumdur:

“Burada olan hər bir vətəndaşı polisin tələblərinə qeyd-şərtsiz tabe olmağa çağırıram”.


***22:15

Tbilisidə parlament binası qarşısında keçirilən aksiyada gərginlik yaranıb.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, aksiya iştirakçıları parlamentin binasına daxil olmağa çalışırlar.

Polis etirazçıların cəhdlərinin qarşısını alır.

Kütləvi aksiyanın dağıdılması üçün parlament yaxınlığına su şırnağı maşını cəlb olunub.


***20:45

Tbilisidə parlament binası qarşısında davam edən etiraz aksiyasında nöbədənkənar parlament seçkilərinin keçirilməsi tələb olunur.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, aksiyada aparıcı müxalifət partiyalarının nümayəndələri və vətəndaşlar iştirak edirlər.

Bu arada Gürcüstan parlamentinin həyətinə cəlb olunmuş polis qüvvələrinin sayı artırılıb.

Müxalif Vahid Milli Hərəkat Partiyasından olan deputatlar bildiriblər ki, Parlamentlərarası Pravoslav Assambleyasının Tbilisidə keçirilən 26-cı Baş Assambleyasında baş verən hadisələrə görə parlament sədri İrakli Kobaxidze məsuliyyəti üzərinə götürməlidir. Əks halda, partiyanın parlament fraksiyası spikerin istefası proseduruna başlayacaq. 


*** 19:44

Gürcüstanda parlamentin qarşısında rusiyalı deputatlara qarşı keçirilən aksiyaya qoşulanların sayı artır.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, mərkəzi Rustaveli prospektində avtomobillərin hərəkəti dayandırılıb.

Aksiyada iştirak edən ictimai fəallar və müxalifət partiyalarının üzvləri Gürcüstanın parlament sədri İrakli Kobaxidzenin istefasını tələb edirlər.

Həmçinin daxili işlər naziri Giorgi Qaxaria və Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Vaxtanq Qomelaurinin də istefası tələb olunur.

Müxalifətdə olan Vahid Milli Hərəkat Partiyasının sədri Qriqol Vaşadze aksiya iştirakçıları qarşısında çıxışı zamanı bildirib ki, hökumətə tələbləri yerinə yetirmək üçün bir saat vaxt verilir.

Qeyd edək ki, Parlamentlərarası Pravoslav Assambleyasının (PPA) Tbilisidə keçirilən 26-cı Baş Assambleyasında iştirak edən Rusiya nümayəndə heyəti artıq Gürcüstanı tərk edib. Rusiyalı deputatlar əleyhinə aksiyalar Tbilisi ilə yanaşı, Telavi və Qoridə də keçirilib. 


***16:13

Gürcüstanda bir qrup şəxs parlament qarşısına toplaşaraq Rusiya parlamentinin nümayəndə heyətinin ölkəyə səfərinə qarşı etiraz aksiyası keçirirlər.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, Rustaveli prospektini bağlayan etirazçılar rusiyalı deputatların dərhal ölkəni tərk etmələrini tələb edirlər. Hadisə yerinə polis cəlb olunub.

“Agenda” xəbər verir ki, bu gün Parlamentlərarası Pravoslav Assambleyasının (PPA) Tbilisidə keçirilən 26-cı Baş Assambleyası zamanı Assambleyanın sədri, Rusiya Federasiyasının deputatı Sergey Qavrilov parlament spikeri kürsüsündən nitq söyləyəndə qalmaqal yaranıb, Gürcüstan parlamentinin müxalifətçi üzvləri toplantını pozublar. Gürcüstan Xəyalı Partiyası da toplantıya sədrliyin rusiyalı deputatlara yox, qurumun yunanıstanlı baş katibinə həvalə olunmasını tələb ediblər.

Məsələ ilə bağlı baş nazir Mamuka Baxtadze də bəyanat yayaraq işğalçı ölkənin parlamenti üzvünü Gürcüstan parlamentinin ali kürsüsündə görməyin çox ağır olduğunu, bu halın milli mənafelərinə toxunduğunu açıqlayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi