Gürcüstanın müxalifət partiyası: Seçkilərdə ən acınacaqlı mənzərəni Marneulidə müşahidə etdik - YENİLƏNİB-3

Gürcüstanın müxalifət partiyası: Seçkilərdə ən acınacaqlı mənzərəni Marneulidə müşahidə etdik - YENİLƏNİB-3 Marneuli icra başçısı vəzifəsinə azərbaycanlı namizədlər səs veriblər
Region
19 May , 2019 23:45
Gürcüstanın müxalifət partiyası: Seçkilərdə ən acınacaqlı mənzərəni Marneulidə müşahidə etdik - YENİLƏNİB-3

“Gürcüstanda bu gün keçirilən seçkilərdə ən acınacaqlı mənzərəni Marneulidə müşahidə etdik”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın müxalifətdən olan “Avropalı Gürcüstan” partiyasının liderlərindən biri Givi Tarqamadze bildirib.

O deyib ki, Marneulidə səsvermə prosesi zamanı bir neçə müxalifət partiyası təmsilçilsi məntəqələrdən uzaqlaşdırılıb:

“Marneulidəki seçkilərin bərabər şəraitdə keçirildiyini demək olmaz. Seçicilər şantaj olunub və onlara hədə-qorxu gəlinib”.


***16:44

“Marneuli rayonunda seçkilərdə kütləvi pozuntulara yol verilir”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu müxalif Vahid Milli Hərəkat Partiyasından Marneuli rayon icra başçısı vəzifəsinə namizədi Aqil Mustafayev jurnalistlərə deyib.

Onun sözlərinə görə, hakim “Gürcü Arzusu” partiyasının nümayəndələri seçicilərin səslərini pulla satın almağa cəhd edirlər. “Bu seçkilər son illər Gürcüstanda ən çox qanun pozuntularına yol verilən seçkilərdir”.

A.Mustafayev qeyd edib ki, hakim partiya üzvləri seçkilərdə saxtakarlıqlara şərait yaratsalar da, onlar məqsədlərinə nail olmayacaqlar.


***12:34

Gürcüstanın Marneuli rayonunda icra başçısı vəzifəsinə keçirilən seçkilərdə azərbaycanlı namizədlərin ikisi səs verib.

“Report”un yerli bürosu xəbər verir ki, müxalif “Avropalı Gürcüstan” partiyasının namizədi Əhməd İmamquliyev və hakim "Gürcü Arzusu" Partiyasının namizədi Zaur Darğallı səsvermə prosesində iştirak edib.

Ə.İmamquliyev jurnalistlərə Marneulinin gələcəyinə səs verdiyini bildirib:

Biz Gürcüstanda demokratiyanı Marneulidən qurmağa başlayacağıq.

O, hakim partiyanı seçicilərə təzyiq göstərməkdə ittiham edib. Namizəd Sadaxlı kəndindəki seçki məntəqələrindən birində hakim partiya üzvünün “Avropalı Gürcüstan” partiyasının tərəfdarına fiziki təzyiq göstərdiyini bildirib.

Z.Darğallı isə öz növbəsində seçkilərdə qələbə qazanacağına əmin olduğunu deyib: “Mən Gürcüstanın azadlığı və sülh şəraitində inkişafına səs verdim”.

Marneuli rayon rəhbəri vəzifəsinə digər azərbaycanlı namizədlər müxalif "Vahid Milli Hərəkat" Partiyasından Aqil Mustafayev və müstəqil namizəd Əli Bədirov isə səsvermə hüququndan hələ istifadə etməyiblər. 


***10:28

Gürcüstanda azərbaycanlıların sıx yaşadıqları Marneuli rayonunda icra başçısı seçkiləri sakit mühitdə keçir.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, səsvermədə hələ ki, hər hansı bir qanun pozuntusu qeydə alınmayıb.

Saat 10:00-a olan məlumata əsasən, Marneuli rayon 22 saylı seçki dairəsinin 5 saylı seçki məntəqəsində qeydiyyatda olan 1387 seçicinin 93-ü səs verib.

Son xəbərlər

Orphus sistemi