Yuxarı

Hökumət qura bilməyən AKP sentyabrda qurultay keçirəcək

Partiyanın növbədənkənar seçkiyə yeni namizədlərlə gedəcəyi gözlənilir

Bakı. 19 avqust. REPORT.AZ/ Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) bu il sentyabrın 12-də Ankarada "Arena Spor" salonunda V növbəti qurultayını keçirəcək.

"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.

AKP sözçüsü Bəşir Atalay deyib ki, iyunun 7-də seçilən parlament 5 ay fəaliyyət göstərəcək. Növbədənkənar seçkiyə qədər olan dövr isə "aralıq dövr" sayılacaq. Onun sözlərinə görə, 3 dəfə ardıcıl olaraq deputat seçilən və parlamentdə AKP təmsil edən 26 millət vəkili oktyabr və ya noyabr aylarında keçiriləcək seçkidə partiyanın namizədlər siyahısına daxil edilə bilər.

Bu il iyunun 7-də gerçəkləşdirlilən siyasi kampaniya zamanı partiyanın siyahısına düşməyən 70 nəfər növbədənkənar seçkidə namizədlər siyahısına düşə biləcək.

Qeyd edək ki, AKP 2002-ci ildən başlayaraq keçirilən bütün parlament seçkilərində qalib gəlib və təkbaşına hökumət qurub. İyunun 7-də Türkiyədə parlamentə 25-ci çağırış seçkiləri keçirilib. Hazırda Türkiyə Böyük Millət Məclisində AKP 258, CHP 132, MHP 80, Xalqların Demokratik Partiyası (HDP) 80 millət vəkili ilə təmsil olunur. Məclis 550 deputatdan formalaşır. 

İyulun 9-da Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 63-cü hökumətin qurulması vəzifəsini AKP sədri və baş nazir vəzifəsini icra edən Əhməd Davudoğluna tapşırmışdı. Ancaq onun CHP və MHP liderləri ilə görüşləri nəticəsiz başa çatıb. Ötən gün Ə.Davudoğlu koalisiya hökumətinin qurulması ilə bağlı mandatı ölkə prezidenti Rəcəb Tayib Ərdoğana təhvil verib.

Türkiyə Konstitusiyasına əsasən, 45 gün ərzində hökumətin qurulmasına nail olunmazsa, o zaman növbədənkənar seçkilər keçirilir. Bu baxımdan avqustun 23-də həmin müddət başa çatır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi