​ABŞ rəsmiləri: "Rusiyanın Türkiyəyə qarşı ittihamlarını rədd edirik"

​ABŞ rəsmiləri: "Rusiyanın Türkiyəyə qarşı ittihamlarını rədd edirik" Dövlət Departamentinin rəsmisi: "Bu ittihamı sübut edəcək heç bir dəlil görmədik"
Region
3 Dekabr , 2015 13:52
​ABŞ rəsmiləri: Rusiyanın Türkiyəyə qarşı ittihamlarını rədd edirik

Bakı. 3 dekabr. REPORT.AZ/ "Türkiyə hökumətinin neft qaçaqmalçılığında İŞİD-lə əlbir olması iddiasını rədd edirik. Bu ittihamı sübut edəcək heç bir dəlil görmədik".

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibinin sözçüsü Culia Mason mətbuat konfransında bildirib.

O deyib ki, rəsmi Ankara ilə beynəlxalq məsələlərdə birlikdə çalışaraq, Suriya-Türkiyə sərhədində təhlükəsizliyinin qorunması istiqamətində addımlar atılıb: "Bu yöndəki fəaliyyətimizin hədəflərindən biri İŞİD-in qaçaqmalçılığının qarşısını almaqdır".

C.Mason Rusiyanın Suriyada hərbi əməliyyatlarına da münasibət bildirib: "Dəfələrlə təkrar etmişik ki, Rusiyanın Suriyada İŞİD-ə qarşı mübarizəsindən məmnun olardıq. Ancaq bu hadisə (Türkiyə sərhədinin pozan Rusiya təyyarəsi ətrafında yaranan vəziyyəti nəzərdə tutur- "Report") Rusiyanın bölgədə İŞİD və başqa terrorçu qruplaşmalara qarşı mübarizə aparmaq üçün Suriyada olduğuna şübhə yaradır. Prezident Barak Obama dediyi kimi, ABŞ Türkiyənin hava sahəsi və ərazi bütövlüyünü qorumaq hüququnu dəstəkləyirik" .

Terrorçu İŞİD qruplaşmasına qarşı mübarizə aparan koalisiya qüvvələrinin Təbii Qərarlılıq Əməliyyatının sözçüsü polkovnik Stiv Varren Rusiya Müdafiə Naizirliyinin Türkiyəni neft qaçaqmalçılığında günahlandıran iddialarını "cəfəngiyyat" adlandırıb: "Bu gülünc iddiadır. Belə iddiaları tamamilə rədd edirik. Türkiyə hökumətinin İŞİD-lə birgə iş görməsi iddiası uydurmadır".

ABŞ Müdafiə Nazirliyi təmsilçisi Elissa Smit də Rusiya KİV-in məsələ ilə bağlı yaydığı açıqlamaya münasibət bildirib. O qeyd edib ki, Türkiyəyə qarşı irəli sürülən iddiaları rədd edirlər.

Türkiyə rəsmiləri də Rusiya Müdafiə Nazirliyinin göstərdiyi ərazilərin İŞİD-in nəzarəti altında olmadığını bildiriblər. Rəsmi Ankara rusların sübut kimi irəli sürdükləri marşrut və TIR-ların İŞİD-in nəzarət etdiyi bölgə ilə hərəkət etmədiyini, həmin maşınların isə neft deyil, başqa ticarət yükü daşıdıqlarını bəyan edib.

Qeyd edək ki, ötən gün Rusiyanın Müdafiə Nazirliyi Türkiyə hökumətini terrorçu İŞİD-lə işbirliyində ittiham edən bir sıra açıqlamalar yayıb.  

Son xəbərlər

Orphus sistemi