“Gürcüstan vasitəsilə hərbi yüklərin tranziti həyata keçirilmir”.
“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın xarici işlər nazirinin müavini Laşa Darsaliya bildirib.
Onun sözlərinə görə, Gürcüstanın hava məkanı vasitəsilə yalnız humanitar və mülki yüklər daşınır, bu da Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) standartlarına tam cavab verir.
L.Darsalia deyib ki, Dağlıq Qarabağ bölgəsində eskalasiya baş verən kimi Gürcüstan üzərindən quru və hava yolla həm Azərbaycan, həm də Ermənistana hərbi yüklərin tranziti dayandırılıb: “Gürcüstan humanitar, mülki və kommersiya yükləri ilə bağlı beynəlxalq öhdəliklərini yerinə yetirməkdə davam edir”.
XİN rəsmisi qeyd edib ki, KİV-də Gürcüstan vasitəsilə mülki aviareyslərlə yük daşımalarının həyata keçirilməsinə dair informasiyalarla bağlı manipulyasiyalar güclənib: “Konkret yük daşıyıcısı və yük sahibi beynəlxalq hüququn normalarına tam riayət etməli və humanitar dəhlizlərdən sui-istifadə etməməlidir. Hər hansı bir pozuntu və əsaslı sübutlar olarsa, Gürcüstan müvafiq qaydada cavab verəcək. Qanun pozucuları beynəlxalq hüquq, həmçinin ICAO qarşısında məsuliyyətə cəlb olunacaqlar”.