Ukraynanın Xarkov şəhərində azərbaycanlı Sovet İttifaqı qəhrəmanı, İkinci Dünya müharibəsi zamanı bu ölkənin bir neçə şəhərinin azad olunması uğrunda döyüşən Fariz Səfərovun adını əbədiləşdirən sərlövhə və bayraq dirəklərinin açılışı olub.
Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin (BUAK) Xarkov vilayəti üzrə sədri Qurban Abbasov “Report”un Şərqi Avropa bürosuna bildirib ki, iri həcmli sərlövhə Fariz Səfərovun adını daşıyan parkda konqresin üzvləri tərəfindən ucaldılıb.
Xarkovun alman faşistlərindən azad edilməsinin ildönümü münasibətilə keçirilən açılış tədbirində Xarkov şəhər meri vəzifəsini icra edən İqor Terexov, BUAK sədri, Ukrayna Millətlər Assambleyasının prezidenti Rövşən Tağıyev, Novobavarsko rayonunun rəhbəri Tetyana Çibulnik, vilayət Şurasının deputatları Anna Kuznetsova, Nelli Çibulnik, şəhər deputatı Yuriy Medvedyev, şəhər kommunal xidmətlər Departamentinin direktor müavini Aleksey Tapçi və digər qonaqlar iştirak ediblər.
Çıxış edənlər azərbaycanlıların tarix boyu Ukraynada xidmətlərini qeyd ediblər. Bildirilib ki, sərlövhənin yerləşdiyi park 2003-cü ildə konqresin təşəbbüsü ilə Fariz Səfərovun adına salınıb, sonra isə abadlaşdırılıb.
Tədbirdə eyni zamanda “Odlar yurdu” Azərbaycan məktəbinin müəllimlərinə fəxri diplomlar da təqdim olunub.