Təyyarə qəzasında həlak olan “Vaqner” xüsusi hərbi təşkilatının rəhbəri Yevgeni Priqojinin sahib olduğu əmlak və varidat media tərəfindən üzə çıxarılıb.
“Report” “News.ru” ya istinadən xəbər verir ki, “Vaqner” rəhbərinin əsas rəsmi aktivi “Konkord menecment və konsaltinq” şirkətidir.
Bu şirkət əsasən restoran fəaliyyəti və yemək çatdırılması ilə məşğul olur. Bundan əlavə, daşınmaz əmlakın alqı-satqı və kirayəsi ilə məşğul olan “Riteyl” kompaniyası və videofilmlərin yayılması üzrə ixtisaslaşan “Aurum” korporasiyasına, eləcə də Soçi, Moskva və Sankt-Peterburqda restoranlara malik olub.
Y.Priqojin bundan əlavə, Sankt-Peterburqda Şimali Versal və Laxta Plaza komplekslərini inşa edərək tikinti biznesində fəal iştirak edib. Suriyada karbohidrogen hasilatı ilə məşğul olan “Europolis” və Sudanda qızıl hasilatı üzrə məşğul olan "M Invest" şirkətləri də onun olub.
Priqojinin Mərkəzi Afrika Respublikasında, Sudanda və Suriyanın neft-qaz sektorunda avadanlıqların daşınması üzrə biznesi olmaqla yanaşı, şəxsi yaxtası, təyyarəsi, Qara dəniz sahilində malikanəsi və böyük nəqliyyat parkı onun mülkiyyətidir.
Xatırladaq ki, avqustun 23-də “Vaqner”in rəhbəri Yevgeni Priqojinin içində olduğu təyyarə Tver vilayətində qəzaya uğrayıb. Qəza nəticəsində Priqojinin öldüyü təsdiqlənib.