Ukraynadakı müharibə həqiqətlərini yazan rusiyalı jurnalist azadlıqdan məhrum edilib

Region
  • 15 fevral, 2023
  • 07:42
Ukraynadakı müharibə həqiqətlərini yazan rusiyalı jurnalist azadlıqdan məhrum edilib

Rusiyanın Barnaul şəhərinin Lenin rayon məhkəməsi jurnalist Mariya Ponomarenkonu Rusiya Silahlı Qüvvələri haqqında saxta məlumatlar yaymaqda təqsirli bilinərək 6 il müddətinə azadlıqdan məhrum edib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə məhkəmənin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, Mariya Ponomarenko 2022-ci ilin martında teleqram kanalında Rusiya Aerokosmik Qüvvələrinin Mariupol şəhərinin dram teatrının binasına hava hücumu təşkil etməsi barədə məlumat yayıb. Rəsmi mənbələr, o cümlədən Rusiya Müdafiə Nazirliyi bu məlumatı təkzib edib.

Qeyd edək ki, 2022-ci ilin noyabrında məhkəmə onun ev dustaqlığı barədə qərar qəbul etmişdi. Keçmiş əri ilə münaqişəyə görə yaşadığı evi tərk etdiyi üçün 2023-cü ilin yanvarında onun cəzaçəkmə müəssisəsinə göndərib. Mariya Ponomarenko bildirib ki, əri ona fiziki güc tətbiq etdiyi üçün yaşadığı ərazini tərk edib.

Xatırladaq ki, 2022-ci il martın 16-da Rusiya Aerokosmik Qüvvələrinin hava hücumu nəticəsində Ukraynanın Mariupol şəhərindəki Donetsk Akademik Regional Dram Teatrı dağılıb. Ukrayna hakimiyyət orqanlarının məlumatına görə, teatrın binasında təxminən 600-1300 nəfərlik bomba sığınacağı var idi. “Associated Press” agentliyinin apardığı araşdırmaya əsasən, hava hücumu nəticəsində dramteatrın binasında 600-ə qədər insan ölüb.