Ukrayna hökuməti Rusiyadan olan iş adamlarının Sumı vilayətindəki müəssisələrinin ümumi dəyəri 3,85 milyon ABŞ dolları olan əmlakına həbs qoyub.
“Report” TASS-a istinadən xəbər verdiyi kimi, bu barədə Ukrayna Baş Prokurorluğunun ofisi məlumat yayıb.
“Sahibləri Rusiya Federasiyasının vətəndaşları olan müəssisələrin ümumi dəyəri 142 milyondan qrivendən (3,85 milyon ABŞ dollarından) çox olan əmlakına həbs qoyulub”, - Baş Prokurorluğun məlumatında deyilir.
Sumı Vilayət Prokurorluğu Rusiyanın addımlarını maliyyələşmək ittihamları ilə biznes qurumlarına qarşı yeddi cinayət işi açıb. Ukrayna Baş Prokurorluğundan bildirilib ki, həbsdə olan əmlakı müsadirə etmək üçün işlər görülür.
Xatırladaq ki, ötən il martın 10-da Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın və onun Ukrayna ərazisindəki rezidentlərinin mülkiyyət hüquqlarının icbari şəkildə aradan qaldırılması haqqında qanun imzalayıb. Sənədə görə, əmlak heç bir kompensasiya olmadan ictimaiyyətin zəruriliyi əsasında milliləşdirilə bilər. Mülkiyyət hüququnun icbari qaydada aradan qaldırılması ilə bağlı qərar Ukraynanın Milli Təhlükəsizlik Şurası və Müdafiə Şurası tərəfindən qəbul edilir, prezident isə onu təsdiq edir.